Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın gələnilki dövlət və icmal büdcəsinin layihəsində müdafiə xərclərinin 1,9 faiz artırılması nəzərdə tutulub. Bu barədə çərşənbə günü Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.
2012-ci il dövlət büdcəsinin layihəsində müdafiə xərcləri dövlət büdcəsi xərclərinin 14,8 faizini təşkil edəcək.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanılması xərcləri dövlət büdcəsinin 5,6 faizini təşkil edəcək.
Gələn ilin dövlət büdcəsində məhkəmə sisteminin saxlanılması xərcləri üçün 44,3 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2011-ci illə müqayisədə 1 milyon manat, yaxud 2,3 faiz çoxdur.
Eyni zamanda, gələn ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində də müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanılması xərcləri bölməsi üçün müvafiq investisiya layihələri üçün vəsait nəzərdə tutulacaq.
Gələn ildən ağır cinayətlər, hərbi məhkəmələr, şəhər və rayon məhkəmələri və inzibati-iqtisadi məhkəmələrin fəaliyyətlərinin maliyyə təminatı ilə bağlı xərclərin fərdi qaydada deyil, mərkəzləşdirilmiş qaydada Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.