...

İraqın öz sərhədlərini müdafiə etməsi Türkiyəyə transsərhəd əməliyyatlarından imtina etməyə imkan verəcək – XİN

Siyasət Materials 12 Oktyabr 2011 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend müxbir A.Tağıyeva/

Türkiyə İraqın terrorizmlə mübarizə üçün öz təhlükəsizlik qüvvələrinin ölkənin şimalına cəmləşdirilməsi barədə qərarını alqışlayır. Çünki bu, Türkiyəyə transsərhəd əməliyyatlarından imtina etməyə imkan verəcək. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə günü jurnalistlərə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

"Əgər İraq öz təhlükəsizlik qüvvələrini ölkənin şimalına cəmləşdirərsə, bu, terrorizmlə mübarizədə müsbət nəticələr verəcək", - nazir bəyan edib.

İraqın Baş naziri Nuri əl-Maliki çərşənbə axşamı terrorçu Kürd Fəhlə Partiyası (PKK) ilə effektiv mübarizə aparmaq üçün bu mübarizəyə İraqın təhlükəsizlik qüvvələrinin cəlb edilməsinin və xarici müdaxilədən qaçılmanın vacib olduğunu bəyan edib.

Baş nazir İraqın təhlükəsizlik qüvvələrinin ölkənin şimalına cəmləşdirilməsini nəzərdə tutan plan təklif edib.

Ötən həftə Türkiyə parlamenti İraqın şimalında transsərhəd hərbi əməliyyatların keçirilməsi üzrə mandatı bir il müddətinə uzadıb.

Bu gün İraqın xarici işlər naziri Huşyar Zibari Türkiyəyə rəsmi səfərə gəlib.

Zibari səfər zamanı kürd separatçıları problemini və digər regional məsələləri müzakirə edəcək, Türkiyənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti