Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir A.Tağıyeva/
İraqın şimalında əməliyyatlar həyata keçirən Türkiyənin xüsusi təyinatlı qoşunları kürd separatçılarının Haftan düşərgəsini ələ keçirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Vətən" qəzeti xəbər verir.
Əməliyyat Şimali İraqın kürd administrasiyasının qoşunları ilə birgə həyata keçirilib. Düşərgənin ələ keçirilməsi zamanı PKK yaraqlıları məhv edilib.
PKK yaraqlılarının oktyabrın 19-na keçən gecə İraqla həmsərhəd Hakkari vilayətində 24 hərbiçinin həlak olması və 18-nin yaralanması ilə nəticələnən terror aktına cavab olaraq Türkiyə ordusu cümə axşamı İraqın şimalındakı beş rayonda yerüstü və hava əməliyyatlarına başlayıb. Əməliyyatlara 10 minlik qoşun qruplaşması, o cümlədən xüsusi təyinatlılar cəlb edilib.
Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.