...

Əli Həsənov: Gələn ilin mayına qədər Həştərxan şəhərində Azərbaycan-Rusiya Dostluq körpüsünün inşası başa çatacaq

Siyasət Materials 24 Oktyabr 2011 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Gələn ilin mayına qədər Həştərxan şəhərində Azərbaycan-Rusiya Dostluq körpüsünün inşası başa çatacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə müsahibəsində Həştərxanda Heydər Əliyev adına orta məktəbin açılışında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Həsənovun sözlərinə görə, Həştərxan vilayətində Azərbaycanla bağlı çoxlu sayda tədbirlərin həyata keçirilməsi Həştərxan rəhbərliyinin Azərbaycan xalqına, ümummilli lider Heydər Əliyevin xatirəsinə, Prezident İlham Əliyevə olan dərin hörmətin göstəricisidir.

"Bu münasibətləri qorumaq və inkişaf etdirmək üçün Azərbaycan dövləti səylərini əsirgəmir və buna böyük önəm verir. Bu ilin sentyabrında Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin Azərbaycana səfəri çərçivəsində imzalanan ikitərəfli razılaşmalar bu əlaqələri daha yüksək səviyyəyə qaldırır", - Həsənov vurğulayıb.

Şöbə müdiri bu əlaqələrin yüksələn xətlə inkişaf etməsində Azərbaycan və Rusiyanın dövlət başçıları İlham Əliyev və Dmitri Medvedevin xidmətlərini önə çəkib.

"Dövlətlərimizin başçılarının ümumən ölkə səviyyəsində müəyyən etdiyi strateji münasibətlər, eyni zamanda, ayrı-ayrı regionlar arasında da həyata keçirilir. Bu münasibətlər gələcəkdə də Azərbaycan və Rusiya xalqları, dövlət və qeyri-dövlət strukturları arasında əlaqələrin inkişafında önəmli rol oynayacaq", - Həsənov bildirib.

Həsənov Həştərxan vilayətində Azərbaycan diasporunun rolunu yüksək qiymətləndirərək azərbaycanlıların vilayətdə ən şərəfli vətəndaşlar sırasında olduğunu qeyd edib.

"Həştərxanın mərkəzində ümummilli lider Heydər Əliyevin adına park və yeni açılan bu orta məktəb daim Rusiyanın bu regionunda Azərbaycanın milli dəyərlərinin təmsilçisi olacaq", - Həsənov söyləyib.

Xəbər lenti

Xəbər lenti