...

Rövnəq Abdullayev: Sazişlər Azərbaycan qazının Avropa bazarlarına çıxmasına yol açır

Siyasət Materials 28 Oktyabr 2011 10:50 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında bu çox mühüm sazişlərin imzalanmasından məmnunuq. Bu sənədlər "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi üçün və Azərbaycanın Xəzərdəki bu nəhəng qaz yatağından "Mərhələ-2" qazını Türkiyəyə və Avropa bazarlarına çıxarmaq üçün yol açır.
Rövnəq Abdullayev: Sazişlər Azərbaycan qazının Avropa bazarlarına çıxmasına yol açır

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan və Türkiyə arasında bu çox mühüm sazişlərin imzalanmasından məmnunuq. Bu sənədlər "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi üçün və Azərbaycanın Xəzərdəki bu nəhəng qaz yatağından "Mərhələ-2" qazını Türkiyəyə və Avropa bazarlarına çıxarmaq üçün yol açır. Trend-in məlumatına görə, bunu ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev deyib.

"Bu, "Şahdəniz" konsorsiumu da daxil olmaqla, bütün əlaqədar tərəflərin dəstəyi ilə iki hökumətin nail olduğu mühüm addımdır. İnanırıq ki, bizi bugünkü nailiyyətə gətirib çıxaran bütün səylərin uğurla başa çatmasının arxasında üç əsas tərəfin - Azərbaycan hökumətinin, Türkiyə hökumətinin və "Şahdəniz" konsorsiumunun sıx əməkdaşlığı durur. Bu tərəfdaşlıq indiyədək görülmüş bütün işlərin özəyi olub və bundan sonra da "Şahdəniz" layihəsini Türkiyə və Avropanı təhlükəsiz və etibarlı şəkildə Azərbaycan qazı ilə təchiz etmək mərhələsinə doğru irəli aparan hərəkətverici qüvvə olaraq qalacaq", - Abdullayev əlavə edib, məlumatı ARDNŞ-nin rəsmi saytı yayıb.

Azərbaycan və Türkiyə Türkiyənin Azərbaycandan qaz almasına və Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranzitinə imkan verən bir sıra mühüm qaz ixracı sazişlərini imzalayıblar.

Oktyabrın 25-də Türkiyənin İzmir şəhərində imzalanan bu sənədlərə Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında hökumətlərarası saziş (HAS), ARDNŞ və BOTAŞ arasında, eləcə də Azərbaycan Qaz Təchizatı Şirkəti (AQTŞ) ilə BOTAŞ İnterneşnal Limitid (BİL) arasında qaz satışı sazişləri (QSS), ARDNŞ və BOTAŞ arasında qaz tranziti sazişi (QTS) və Azərbaycan mənşəli qazın Türkiyə ərazisi vasitəsilə tranziti üçün şərt və qaydaları müəyyən edən çərçivə sazişi (ÇS) daxildir.

HAS və ÇS-ə uyğun olaraq, Türkiyədən tranzit ya BOTAŞ-ın mövcud ötürmə şəbəkəsinin modernləşdirilməsi, ya da Türkiyə ərazisində yeni bir boru kəmərinin yaradılması yolu ilə həyata keçiriləcək.

Sənədlərin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyip Ərdoğan iştirak ediblər.

"Şahdəniz" konsorsiumu adından çıxış edən "BP"-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir deyib ki, BP Azərbaycanla Türkiyə arasında "Şahdəniz" qazının satışı və tranziti sazişləri, eləcə də hökumətlərarası sazişin uğurla imzalanmasını alqışlayır.

"İnanırıq ki, bu sazişlər Avropaya cənub qaz dəhlizinin açılmasına kömək edəcək və Azərbaycanla Türkiyəni daha bir strateji tərəfdaşlıqda birləşdirəcək. Sazişlər həmçinin "Şahdəniz-2" layihəsinin yekun investisiya qərarının qəbuluna yönəlmiş davamlı səyləri və Türkiyənin Avropa üçün bir enerji ötürmə mərkəzi kimi inkişafını dəstəkləyəcək. Bu sazişlərin imzalanması "Şahdəniz"ə Avropaya boru kəməri seçimi prosesini davam etdirməyə və potensial alıcılarla qaz satışı sazişlərini təsdiq etməyə imkan verəcək. Bu çox mühüm sazişlərin əldə olunması münasibətilə tərəfdaşlarımız adından Azərbaycanı və Türkiyəni təbrik edirik", - Cavanşir əlavə edib.

Xəbər lenti

Xəbər lenti