...

Azərbaycan Venesiya Komissiyasının xarici vətəndaşlara siyasi partiya yaratmaq hüququ verilməsi təklifini qəbul etməyib

Siyasət Materials 28 Oktyabr 2011 12:07 (UTC +04:00)
Azərbaycan Avropa Şurası Venesiya Komissiyasının siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı bəzi təklifləri ilə razılaşmayıb.
Azərbaycan Venesiya Komissiyasının xarici vətəndaşlara siyasi partiya yaratmaq hüququ verilməsi təklifini qəbul etməyib

Azərbaycan, Bakı, 28 oktyabr / Trend müxbir T.Hacıyev/

Azərbaycan Avropa Şurası Venesiya Komissiyasının siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı bəzi təklifləri ilə razılaşmayıb.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov cümə günü jurnalistlərə bildirib ki, Venesiya Komissiyası müzakirələr zamanı Azərbaycanda xarici vətəndaşların partiya yaratmaq, partiyaları maliyyələşdirmək və siyasi partiya üzvü olmaq hüququna malik olmasını təklif edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu tövsiyələrlə razılaşmayıb.

Həsənov bildirib ki, Avropa İttifaqı ölkələrində siyasi inteqrasiya tendensiyası mövcuddur.

"Ona görə də Avropa ölkələrində xarici vətəndaşlar siyasi partiyaların üzvü ola bilər, yaxud xarici dövlətə mənsub strukturlar siyasi partiyaları maliyyələşdirə bilər. Bu, Avropa İttifaqına aid bir tendensiyadır", - o əlavə edib.

PA rəsmisi hesab edir ki, bu tendensiyanın Azərbaycanda tətbiq olunması mümkün deyil.

Həsənov qeyd edib ki, Venesiya Komissiyası digər tövsiyələr verib və iradlar bildirib. Onun sözlərinə görə, hazırda bu iradlar və tövsiyələr ətrafında iş gedir.

"Layihə müvafiq standartlara gətiriləndən sonra parlamentin müzakirəsinə çıxarılacaq. Millət vəkillərinin irad və tövsiyələri nəzərə alınmaqla, yenidən rəy verilməsi üçün Avropa Şurasına göndəriləcək", - PA rəsmisi deyib.

Venesiya Komissiyasının oktyabrın 14-15-də keçirilən 88-ci plenar sessiyasında Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi məsələsi müzakirə edilib.

Əli Həsənov və Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev "Siyasi partiyalar haqqında" yeni qanun layihəsini müzakirə etmək üçün Strasburqda olublar.

Azərbaycan tərəfinin siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı Venesiya Komissiyasına təqdim etdiyi modeldə partiyaların seçkilərdə iştirak məsələsi əsas prinsiplərdən biri kimi nəzərə alınıb. Lakin ayrılmış vəsaitlərin seçkidə iştirak edən partiyalar arasında bölünməsi metodikası ilə bağlı bir neçə variant var. Bu variantlar Venesiya Komissiyası ilə aparılan müzakirələrdən sonra açıqlanacaq. Trend-in məlumatına görə, bunu daha öncə jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Xəbər lenti

Xəbər lenti