Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın (International Dialogue for Environmental Action) təsisçisi Leyla xanım Əliyeva ABŞ-ın "Uşaqların Xərçəng və Qan Fondu"nun (CCBF) dəvəti ilə Nyu-Yorkda səfərdədir.
Noyabrın 2-də Leyla Əliyeva Amerikanın nüfuzlu "İnterview" jurnalının redaksiyasında olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
1969-cu ildə tanınmış amerikalı rəssam və film prodüsseri Endi Vorhol tərəfindən təsis edilən "İnterview" jurnalı ənənəvi olaraq dünya şöhrətli incəsənət adamları, musiqiçilər, aktyorlar, modelyerlərlə müsahibələrə yer verir və cəmiyyətdə yeni və qeyri-adi düşüncə tərzinin yaranmasını istiqamətləndirir. Azərbaycanlı qonaqla görüşdə "İnterview" və Amerikanın incəsənət aləminin üç digər qabaqcıl jurnalını nəşr edən "Brant Publications, Inc." şirkətinin rəhbəri Piter Brant və "İnterview" jurnalının redaktoru Kristofer Bollen iştirak ediblər. Piter Brant Leyla xanımı jurnalın tarixi və əhatə etdiyi əsas mövzularla ətraflı tanış edib. Leyla Əliyeva isə öz növbəsində, "İnterview" jurnalının yaradıcı heyətini Azərbaycanla daha yaxından maraqlanmağa dəvət edib və əmin olduğunu bildirib ki, populyar jurnalın oxucuları Azərbaycanda incəsənət, musiqi və moda aləmindən kifayət qədər yeni məlumat və maraqlı xəbərlər tapa biləcəklər.
Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nyu-Yorkda yerləşən "Metropolitan" incəsənət muzeyində olmuşdur. Muzeyin islam mədəniyyəti üzrə baş tədqiqatçısı Məryəm İxtiyar Leyla xanım Əliyevaya uzunmüddətli bərpadan sonra noyabrın 1-də yenidən açılan "İslam dünyasının incəsənəti" adlı sərgi barədə məlumat verib. Leyla xanım muzeydə "Ərəb əraziləri, Türkiyə, İran, Mərkəzi və Cənubi Asiya mədəniyyəti"nin min ildən çox tarixini təmsil edən 1200 eksponatın sərgiləndiyi yeni qalereyalarla tanış olub. Söhbət zamanı "Metropolitan" muzeyi ilə əməkdaşlığın perspektivləri müzakirə edilib, burada Azərbaycan incəsənətinin daha yaxşı təmsil olunması barədə fikir mübadiləsi aparılıb.
Noyabrın 2-də Leyla xanım Əliyeva Nyu-Yorkda yaşayan həmvətənimiz, "Noviy Rubej" qəzetinin redaktoru, Azərbaycan Rəssamlar Birliyinin üzvü Nobert Yevdayevlə görüşüb. N. Yevdayev Leyla xanıma təşəkkürünü bildirərək ona Azərbaycanın incəsənət muzeylərinə çatdırılması üçün şəxsi kolleksiyasından iki rəsm əsəri hədiyyə edib. "Analıq" və "Abstrakt kompozisiya" adlı əsərlərin müəllifi əslən bakılı olan amerikalı rəssam Nahum Çakbazovdur.
Hər iki əsər 1945-46-cı illərdə işlənilmişdir. Nahum Çakbazovun əsərləri "Metropolitan" incəsənət muzeyi, Müasir incəsənət muzeyi, Pennsilvaniya İncəsənət Akademiyası və Amerikanın digər nüfuzlu incəsənət ocaqlarının kolleksiyalarına daxildir. Nobert Yevdayev bildirmişdir ki, bu əsərləri Azərbaycana hədiyyə etməkdə məqsədi Amerikada yaşayan həmvətənimizin rəssam kimi Birləşmiş Ştatlarda nə qədər uğur qazandığını diqqətə çatdırmaqdır. "Analıq" əsəri R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin, "Abstrakt kompozisiya" isə Müasir İncəsənət Muzeyinin kolleksiyalarında nümayiş olunacaq.
Leyla Əliyeva Nyu-Yorkda Azərbaycan incəsənətinin ABŞ-da daha yaxşı tanıdılması yollarını müzakirə edib (FOTO)
Leyla Əliyeva Nyu-Yorkda Azərbaycan incəsənətinin ABŞ-da daha yaxşı tanıdılması yollarını müzakirə edib