Azərbaycan, Bakı, 11 noyabr / Trend, müxbir S.Ağayeva/
Moldova Ermənistana silah satmağa hazırlaşmır, KİV-də yayılan bəzi məlumatlar, şübhəsiz, yanlışdır və həqiqətə uyğun deyil. Trend-in məlumatına görə, bu barədə Moldovanın Azərbaycandakı səfiri İqor Bodiu bildirib.
"Görünür, bu, kiməsə sərfəlidir", - diplomat qeyd edib.
Bir qədər öncə Moldova Prezidenti Marian Lupu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Yuriy Dominici tutduğu vəzifədən azad edib. Müvafiq fərmanın hərbi qanunvericiliyin gələcəkdə pozulmasının qarşısını almaq üçün imzalandığı bildirilsə də, yerli qəzetlərin yazdığına görə, moldovalı generalın istefaya göndərilməsinin əsl səbəbi Ermənistanla gizli silah sövdələşməsinin üstünün açılması olub.
Meydana çıxmış bu qalmaqal Moldovanın siyasi dairələrində hay-küyə səbəb olub. Moldovanın hakim dairələrində ehtiyat edirlər ki, bu qalmaqal Moldova-Azərbaycan və GUAM çərçivəsindəki əməkdaşlığa əngəl ola bilər. Söhbətin artilleriya və tank əleyhinə qurğulardan getdiyi xəbər verilir. Bu silahların iri yük təyyarəsi ilə sentyabrın 13-də Kişinyovdan İrəvana çatdırıldığı bildirilir. Yaranmış qalmaqal Moldova Nazirlər Kabineti ilə Müdafiə Nazirliyi arasında ixtilafa səbəb olub. Məsələ ilə bağlı araşdırma başlayıb.