Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir M.Əliyev/
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
Trend-in cümə günü MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən verdiyi məlumata görə, Akademiya rəisinin I müavini general-mayor Şahin Sultanov tədbiri açıq elan edərək Konstitusiya Günü münasibətilə toplantı iştirakçılarını təbrik edib. Azərbaycanın dövlət himni səsləndirilib.
General-mayor Sultanov məruzə ilə çıxış edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlərindən, Azərbaycan xalqının strateji seçimi olan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində respublikada bütün sahələrdə apardığı köklü islahatlar barədə danışıb.
Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığını, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyini qeyd edən natiq, bu mühüm tarixi hadisəni ümummilli liderin gərgin və fədakar əməyinin bəhrəsi olduğunu qeyd edib.
Bildirilib ki, dahi öndərin rəhbərliyi altında qəbul edilən mütərəqqi qanunlar, respublikamızın qoşulduğu beynəlxalq-hüquqi aktlar, məhkəmə-hüquq sisteminin yenidən qurulması ölkəmizdə demokratik, hüquqi dövlətin möhkəm əsasını və sarsılmaz bünövrəsini yaradıb. Qədirbilən xalqımız Heydər Əliyevin bu misilsiz xidmətlərini heç bir zaman unutmayacaq və onun ruhu qarşısında baş əyir.
General-mayor Sultanov ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi bütün işlərin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini, ölkədə aparılan hüquqi islahatların qanunvericilik bazasının möhkəmləndirilməsinə və daha effektli işləməsinə, mütərəqqi hüquq məkanına inteqrasiyanı sürətləndirmək üçün beynəlxalq hüquq normalarının səmərəli tətbiqinə yönəldiyini vurğulayıb.
Natiq ulu öndərin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin Konstitusiyamızın daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdikləri mühüm işləri xatırladaraq bildirib ki, 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərdə qəbul olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktlarına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib. Bu əlavə və dəyişikliklər ölkəmizin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulması, eləcə də məhkəmə islahatları nəticəsində yaranan öhdəliklərə əməl olunması, Milli Məclisin fəaliyyətinin və seçki sisteminin daha da təkmilləşdirilməsi kimi mühüm məqsədlərə xidmət edirdi. Bu mənada, qeyd olunan əlavə və dəyişikliklər Konstitusiyanı yeni müddəalarla zənginləşdirib.
Sultanov qeyd edib ki, ölkənin əsas qanunu - Konstitusiyamız Milli Təhlükəsizlik Nazirliyinin və onun hər bir əməkdaşının fəaliyyətinin əsasıdır, çünki bu fəaliyyət müstəqil Azərbaycan Respublikasının təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının qorunması işinə bilavasitə xidmət edir.
Akademiyanın baş müəllimi, hüquq elmləri namizədi, baş leytenant Rövşən Əzizov çıxışında bildirib ki, dövlətçiliyin və iqtisadiyyatın gücləndiyi indiki dövrdə Konstitusiya Günü, sözün həqiqi mənasında, hər birimizə yaxın olan ümumxalq bayramına çevrilib. Azərbaycan Respublikasının güclü dövlət kimi tərəqqisi, xalqımızın inkişafı üçün hər birimiz, ilk növbədə, Konstitusiyada bəyan edilmiş milli və ümumbəşəri dəyərləri qorumalı və bundan sonra da irəli aparmalıyıq.
Çıxış edən dinləyici və kursantlar Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri Heydər Əliyevin adını daşıyan Akademiyada təhsil aldıqlarından qürur duyduqlarını, xalqımızın milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması, dövlətimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşunun qorunması, ölkəmizin inkişafı və qüdrətlənməsi naminə fəaliyyətlərində bundan sonra da möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin ən sadiq köməkçiləri olacaqlarını iftixarla vurğulayıblar.