Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycan-Belarus münasibətləri yüksəlişdədir. Belarus Respublikası Milli Yığıncağının Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko belə hesab edir.
"Belarus və Azərbaycan prezidentləri Aleksandr Lukaşenko və İlham Əliyev bu münasibətlərin uğurlu və dinamik xarakterini dəfələrlə qeyd ediblər", - Andreyçenko Azərbaycana səfəri ərəfəsində Trend-ə müsahibəsində deyib.
Andreyçenkonun sözlərinə görə, parlamentlərarası münasibətlər sabitliyi, əlaqələrin müntəzəmliyi ilə fərqlənir və müqavilə əsasında qurulur. O qeyd edib ki, iki ölkənin parlamentarilərinin münasibətlərinə etimad, şəffaflıq, ən mühüm məsələlərin açıq müzakirəsində açıqlıq xasdır.
"Hər iki parlamentdə əməkdaşlıq üzrə işçi qrupu yaradılıb, deputatlar seçkilərin, referendumların keçirilməsi zamanı müşahidələrdə, beynəlxalq konfranslarda və parlament xarakterli digər tədbirlərdə iştirak edirlər. Profilli komissiyalar səviyyəsində daha sıx əlaqələrin qurulmasında da yaxşı perspektivlər var. Əməkdaşlığımızın gündəliyi kifayət qədər zəngindir, intensiv dialoq gedir", - o deyib.
Andreyçenkonun sözlərinə görə, Belarus və Azərbaycanın əməkdaşlığı iqtisadi sahədə dinamik inkişaf edir. "Yüksək səviyyədə aktiv dövlətlərarası dialoq hesabına ticari-iqtisadi əməkdaşlıq sahəsində bir sıra konkret layihələrin praktikada reallaşdırılması mümkün olub ki, bunun əsasını 2006-cı ilin oktyabrında iki ölkə prezidentlərinin imzaladıqları 2015-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında dövlətlərarası müqavilə təşkil edir. Son beş il ərzində Belarus məhsullarının Azərbaycana ixracı dörd dəfə artıb. 2010-cu ildə Azərbaycanla Belarus arasında mal dövriyyəsi 146,2 milyon ABŞ dolları (artım tempi 117,3 faiz) təşkil edib", - Andreyçenko deyib.
Energetika sahəsində dövlətlərimizin iqtisadi maraqlarının yaxınlaşması gündəlikdədir. O bildirib ki, eləcə də Belarus üçün birgə tranzit layihələr, məsələn, Azərbaycanın elektrik enerjisinin digər dövlətlərə nəqlində mümkün iştirak tamamilə maraqlıdır.
"Ölkələrimizin qarşılıqlı ticari-iqtisadi fəaliyyətinin resursları tükənməzdir. Ticarət dövriyyəsinin artmasında, ilk növbədə, kooperasiya və investisiya əməkdaşlığı hesabına əhəmiyyətli imkanlar mövcuddur", - Andreyçenko qeyd edib.