...

İranda Xəzər dənizinin statusu ilə bağlı konfrans keçiriləcək

Siyasət Materials 14 Noyabr 2011 13:46 (UTC +04:00)
Xəzər dənizinin statusu ilə bağlı konfrans dekabrın əvvəlində İranın Mazandaran əyalətində keçiriləcək.
İranda Xəzər dənizinin statusu ilə bağlı konfrans keçiriləcək

Azərbaycan, Bakı, 14 noyabr / Trend müxbir T.Cəfərov/

Xəzər dənizinin statusu ilə bağlı konfrans dekabrın əvvəlində İranın Mazandaran əyalətində keçiriləcək. Bunu İran Parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının tərkibində xüsusi yaradılmış Xəzər dənizi komitəsinini rəhbəri Mehdi Sənayi deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Sənayi bildirib ki, Parlamentin Xarici siyasət və milli təhlükəsizlik komissiyası Xəzər dənizinin statusu ilə bağlı məsələləri ciddi şəkildə izləyir.

"Konfransda Xəzərin statusu ilə bağlı ümumi müzakirələr aparılacaq və əlaqədar təşkilatlar, o cümlədən Xarici İşlər, Ekologiya, Neft və Nəqliyyat Nazirlikləri çıxışlar edərək bu məsələ ilə bağlı mövqelərini bildirəcəklər", - Sənayi deyib.

Ötən il oktyabrın 8-də İranın Gilan əyalətinin Rəşt şəhərində Xəzər dənizinin statusu ilə bağlı ilk konfrans keçirilib. Konfransda İranın sabiq xarici işlər naziri Mənucher Müttəki, İran Parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvləri, İranın xarici işlər nazirinin müavinləri, Neft, Nəqliyyat, Ekologiya və Gömrük nazirliklərinin, eləcə də İranın Limanlar və Gəmiçilik İdarəsinin rəsmiləri iştirak etmişdi.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti