...

Prezident müşavirinin həbsi zamanı "İran" qəzetinin ofisində qarşıdurma yaranıb

Siyasət Materials 21 Noyabr 2011 15:02 (UTC +04:00)
İranın təhlükəsizlik qüvvələri bazar ertəsi səhər "İran" qəzetinin ofisinə hücum edib, İran Prezidentinin müşaviri və İRNA dövlət xəbər agentliyinin rəhbəri Əli Əkbər Cavanfekri tutmaq istəyiblər.
Prezident müşavirinin həbsi zamanı "İran" qəzetinin ofisində qarşıdurma yaranıb

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir T.Cəfərov/

İranın təhlükəsizlik qüvvələri bazar ertəsi səhər "İran" qəzetinin ofisinə hücum edib, İran Prezidentinin müşaviri və İRNA dövlət xəbər agentliyinin rəhbəri Əli Əkbər Cavanfekri tutmaq istəyiblər, lakin Cavanfekrin tərəfdarları, İran qəzetinin işçiləri və digər jurnalistlər buna mane olublar. Bu, jurnalistlər və təhlükəsizlik qüvvələri arasında qarşıdurmaya səbəb olub. Bu barədə Trend İranın "Tabnak" xəbər saytına istinadən məlumat verir.

Məlumata əsasən, onlar Cavanfekrin İran qəzetinin ofisindən çıxarılmasına icazə verməyiblər.

"Cavanfekrin tərəfdarları bildiriblər ki, məhkəmə Cavanfekri çağırmalı və həbs etməlidir, Cavanfekrin əllərinə qandal vurulmamalıdır", - məlumatda bildirilir.

Qarşıdurmaya baxmayaraq, təhlükəsizlik qüvvələri Cavanfekri tutmağa nail ola biliblər.

Bazar günü İran KİV-ləri məlumat yayıblar ki, Tehran məhkəməsi İran Prezidentinin müşaviri və İRNA dövlət xəbər agentliyinin rəhbəri Əli Əkbər Cavanfekri bir il müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin qərarı ilə Cavanfekr, həmçinin, üç il müddətinə mətbuat sahəsində çalışmaqdan məhrum edilib.

Cavanfekr, həmçinin ölkənin aparıcı qəzetlərindən olan "İran" qəzetinin baş redaktorudur.

Cavanfekrə qarşı "Xatun" adlı xüsusi buraxılışda İslam dininə və insani dəyərlərə zidd olan şəkil və materialları çap etmək ittihamı irəli sürülmüşdü.

Cavanfekr 20 gün ərzində ona qarşı çıxarılmış hökmdən apelyasiya şikayəti verə bilər.

Bir neçə gün öncə Cavanfekr ölkənin "Etimad Milli" qəzetinə müsahibəsində sabiq xarici işlər naziri Mənuçöhr Müttəki və İranın baş prokuroru və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Əjeyiyə qarşı sərt ittihamlar irəli sürmüşdü. "Etimad Milli" qəzeti həmin müsahibənin dərcindən sonra bağlanıb.

Xəbər lenti

Xəbər lenti