...

Millət vəkilləri 2012-ci il dövlət büdcəsi ilə bağlı təkliflər irəli sürüblər

Siyasət Materials 22 Noyabr 2011 18:20 (UTC +04:00)
Bu gün Milli Məclisdə Azərbaycanın 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsində millət vəkilləri bir sıra təkliflər irəli sürüblər.
Millət vəkilləri 2012-ci il dövlət büdcəsi ilə bağlı təkliflər irəli sürüblər

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir A.Axundov/

Bu gün Milli Məclisdə Azərbaycanın 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsində millət vəkilləri bir sıra təkliflər irəli sürüblər.

Trend-in məlumatına görə, millət vəkili Fəzail Ağamalı döyüş bölgəsində xidmət edən zabitlərin məvaciblərinin artırılması və sosial şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyulduğunu bildirib.

Onun sözlərinə görə, döyüş bölgəsindəki zabitlər mənzil şəraitinin olmamasına görə 40 yaşınadək subay qalırlar.

Deputat Rüstəm Xəlilov meliorasiya tədbirlərinə diqqət ayrılmasının vacibliyini qeyd edib. O, həmçinin bələdiyyələrə maliyyə yardımına ciddi ehtiyac olduğunu bildirib. Millət vəkili bələdiyyələrə verilən subsidiyaların məbləğinin artırılmasını təklif edib.

Milli Məclisin üzvü Əli Məsimli sovet dövründə batmış əmanətlərin qaytarılması məsələsini qaldırıb. Həmçinin deputat seçildiyi Şəki rayonunun problemlərinə diqqət yönəldib.

Millət vəkili Məlahət İbrahimqızı müdafiə imkanlarının artırılmasının vacibliyinə toxunub. O, həmçinin hərbi qulluqçuların əməkhaqlarının artırılması, ipoteka krediti almaları, mənzil təminatı ilə bağlı işlərin həyata keçirilməsini önə çəkib.

"Reallıqdır ki hərbi qulluqçular üçün verilən kirayə haqqı çox aşağıdır. Hərbi qulluqçular ipoteka kreditinin ilkin ödənişi yüksək olduğundan ala bilmirlər. Yaxşı olardı ki, onlar üçün ilkin ödənişsiz və daha uzun müddətə ipoteka kreditləri verilsin", - İbrahimqızı vurğulayıb.

Millət vəkili Yaqub Mahmudov isə çıxışında Azərbaycanın tarixi şəhərlərinin bərpasının diqqətə götürülməsini təklif edib. Deputat deyib ki, bu, bölgədə turizmin inkişafına təkan verəcək. Mahmudov xaricdən olan təzyiqlərə baxmayaraq, müdafiə xərclərinin daha da artırılmasının, ordunun ən müasir silah və texnika ilə təchiz olunmasının vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti