...

Azərbaycan ilə İtaliya arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Siyasət Materials 24 Noyabr 2011 18:00 (UTC +04:00)
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov İtaliyanın ən böyük regionlarından biri olan Siciliya regionunda işgüzar səfərdə olub.
Azərbaycan ilə İtaliya arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov İtaliyanın ən böyük regionlarından biri olan Siciliya regionunda işgüzar səfərdə olub.

Səfirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, səfərin məqsədi Siciliya regionunun rəhbərliyi, işgüzar, təhsil və mədəniyyət dairələri ilə əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsindən ibarət olub.

Səfər zamanı Sadıqov Siciliya regionun qubernatoru Raffaele Lombardo ilə görüşüb. Görüşdə iqtisadi və mədəni sahələrdə əməkdaşlıqla bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Həmin gün səfir Siciliyanın Kataniya şəhərinin meri Raffaele Stankanelli və Kataniya şəhərinin prefekti xanım Françeska Kannizzo ilə görüşlər keçirib. Görüşlərdə əsasən Azərbaycan və Siciliya arasında iqtisadi və ticarət əlaqələrinin qurulması, turizm sahəsində əməkdaşlıq, gənclər arasında mübadilələr kimi məsələlərlə müzakirə olunub.

Kataniya Universitetinin rektoru Antonio Rekka ilə görüşdə iki tərəfin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması barədə razılıq əldə edilib. Daha sonra Sadıqov Kataniya şəhərinin Ticarət Palatasının prezidenti, eyni zamanda, İtaliyanın Ticarət Konfederasiyasının vitse-prezidenti Pyetro Agen və Palatanın nümayəndələri ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə Siciliyanın işgüzar qurumları arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına dair razılaşmalar əldə edilib. Həmin gün səfir Kataniya şəhərinin mədəniyyət və turizm məsələləri üzrə müşaviri, Kataniya şəhərində yerləşən Massimo Bellini adına Opera Teatrının direktoru Rita Qari ilə görüşüb. Görüşdə mədəniyyət və turizm sahəsində əməkdaşlıq müzakirə olunub. Kataniyada yerləşən Dənizçilik İnstitutuna ziyarət təşkil edilib.

Səfir Sadıqov Siciliyanın Enna şəhərinə səfər edib və Enna Kore Universitetinin rektoru Salvo Ando ilə görüş keçirib. Görüşdə maraq kəsb edən sahələrdə Enna Kore Universiteti və Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq imkanları təhlil edilib. Siciliyada yerləşən bir sıra şirkətlərə işgüzar ziyarət edilib.

Səfər çərçivəsində Sadıqov Siciliya regionunun KİV nümayəndələrinə müsahibə verib, Siciliya jurnalistlərinin suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti