...

Pakistan Azərbaycanla münasibətlərə mühüm əhəmiyyət verir – Baş nazir

Siyasət Materials 28 Noyabr 2011 16:27 (UTC +04:00)
Pakistan Azərbaycanla münasibətlərə mühüm əhəmiyyət verir. Bunu bazar ertəsi bu ölkənin Baş naziri Yusuf Reza Gilani bildirib.
Pakistan Azərbaycanla münasibətlərə mühüm əhəmiyyət verir – Baş nazir

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir S.Ağayeva/

Pakistan Azərbaycanla münasibətlərə mühüm əhəmiyyət verir. Bunu bazar ertəsi bu ölkənin Baş naziri Yusuf Reza Gilani bildirib.

İki ölkənin xalqları arasında tarixi, mədəni, dini oxşarlığı qeyd edən Baş nazir İslamabadda Azərbaycan səfiri Daşqın Şikarovla görüşündə bu bənzərliklərin iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib. Bu barədə bazar ertəsi Trend-ə səfirlikdən məlumat verilib.

Pakistan hökumətinin başçısı ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini qeyd edərək, Azərbaycanın Kəşmir məsələsində ölkəsinə verdiyi dəstəyə görə rəsmi Bakıya minnətdarlığını bildirib.

Gilani Azərbaycanı BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi ilə əlaqədar təbrik edib və ölkəmizin Pakistanın həmin qurumda namizədliyinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Azərbaycan və Pakistan 2012-2013-ci illər üzrə BMT TŞ-yə qeyri-daimi üzv seçilib.

Söhbət əsnasında səfir cari ilin dekabr ayının 6-7-də Bakıda keçiriləcək Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iqtisadi münasibətlərə təkan verəcəyinə dair fikrini bildirib.

Gilani ölkəmizin Pakistanda sellərdən zərər çəkmiş insanlara yardımına, habelə 2005 və 2010-cu illərdə təbii fəlakət zamanı edilmiş maddi dəstəyə və Heydər Əliyev Fondu tərəfindən Kəşmirdə tikilmiş məktəbə görə Azərbaycan hökumətinə və xalqına minnətdar olduğunu bildirib.

Səfir 26 noyabr tarixində Əfqanıstanda yerləşən koalisiya qüvvələrinin hava zərbəsi nəticəsində Pakistan ordusunun əsgər və zabitlərinin həlak olması ilə əlaqədar Baş nazirə başsağlığı verib.

Söhbət zamanı Azərbaycan-Pakistan münasibətlərinin siyasi və iqtisadi aspektlərindən söz açan səfir, Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində ölkəmizə verdiyi dəstəyə və Ermənistanı işğalçı siyasət yürütdüyü üçün bir ölkə kimi tanımadığına görə Baş nazirə öz minnətdarlığını bildirib.

Səfir Pakistanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi ilə əlaqədar Baş naziri təbrik edib və dost ölkənin Azərbaycana həmin təşkilatda üzvlüyünə dəstək verdiyinə görə təşəkkürünü çatdırıb.

Səfir dekabrın 6-7-də Bakıda keçiriləcək Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iqtisadi münasibətlərə təkan verəcəyinə ümidvar olduğunu ifadə edib.

Şikarov Baş naziri ölkəmizə səfərə dəvət edib, bu səfərin ikitərəfli münasibətlərin genişlənməsi və inkişafına təkan verəcəyini qeyd edib.

Şikarov Pakistanın Sind əyalətində sel daşqınlarından zərər çəkmiş insanlara Azərbaycan hökumətinin 2 milyon dollar həcmində humanitar yardım üzrə çeki Baş nazirə təqdim edib.

Xəbər lenti

Xəbər lenti