...

Azərbaycanın millət vəkili İraqda türkmən əsilli deputatlarla görüşüb (FOTO)

Siyasət Materials 30 Noyabr 2011 12:33 (UTC +04:00)
İraqda səfərdə olan millət vəkili, İraq-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva ölkə parlamentinin Türkmən kökənli millət vəkilləri Jalə Neftçi, Nəbil Harbo, Hasan Özmen Al-Bayati, Abbas Bayatlı ilə görüşüb.
Azərbaycanın millət vəkili İraqda türkmən əsilli deputatlarla görüşüb (FOTO)

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

İraqda səfərdə olan millət vəkili, İraq-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva ölkə parlamentinin Türkmən kökənli millət vəkilləri Jalə Neftçi, Nəbil Harbo, Hasan Özmen Al-Bayati, Abbas Bayatlı ilə görüşüb.

Trend-in məlumatına görə, görüş zamanı İraq millət vəkilləri Azərbaycan millət vəkilinə İraqdakı vəziyyət, Türkmanların vəziyyəti, Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə məlumatlar veriblər. Azərbaycanı sevdiklərini bildirən millət vəkilləri parlamentlərarası münasibətlərin inkişafının vacibliyini vurgulayıblar.

Millət vəkili Qənirə Paşayeva da Azərbaycanın İraqla əməkdaşlığın inkişafına önəm verdiyini, parlamentlərarası münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayaraq dekabrın ortalarında İraq-Azərbaycan Parlamentlərarası dostluq qrupu üzvlərinin Bakıya səfərinin də bu istiqamətdə münasibətlərə öz müsbət töhvəsini verəcəyini vurğulayıb. "İraq Parlamenti qarşısında törədilən partlayış nəticəsində 1 nəfərin həlak olması, 6 nəfərin yaralanmasına sizin kimi biz də üzüldük", - deyən millət vəkili Azərbaycanın dost İraq dövlətinin və xalqının sabitliyi, təhlükəsizliyi və inkişafında maraqlı olduğunu deyib.

İraq Türkman Cəbhəsinin Sözcüsü, Yürütmə Qurumunun və Kərkük İl Məclis üzvü Əli Mehdiyə qarşı sui-qəsd, onun evinin önündə yerləşdirilən bombaların partladılması nəticəsində 1 nəfərin həlak olması, 15 nəfərin yaralanmasından azərbaycanlıların da üzüldüyünü deyən millət vəkili Qənirə Paşayeva ƏIi Mehdinin bu sui qəsddən salamat qurtula bilməsindən sevindiklərini bildirib. O, Azərbaycan xalqının İraqda yaşayan bacı-qardaşlarımızı hər zaman düşündüyünü deyib.

Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin yerinə yetirilməməsi barədə məlumat verib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin İraq ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində millət vəkillərinin öz səylərini daha da artıracağına inandığını dilə gətirib. Qənirə Paşayeva görüş iştirakçılarına Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onları Azərbaycana dəvət edib.

Azərbaycanı sevdiklərini bildirən Türkman millət vəkilləri məmnuniyyətlə Azərbaycana səfər etmək istədiklərini və edəcəklərini söyləyiblər. Onlar həm ölkələri, həm də Azərbaycan türkləri ilə İraq türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində ikitərəfli səylərin daha da artırılmasını vacib sayıblar. Onlar Azərbaycan həqiqətlərinin yayılması istiqamətində öz səylərini bundan sonra daha da artıracaqlarını vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti