...

Mehriban Əliyeva: Azərbaycan bu gün dünya xəritəsində öz yerini təsdiqləyib və sürətlə inkişaf edən bir dövlətdir (FOTO)

Siyasət Materials 30 Noyabr 2011 14:40 (UTC +04:00)
Mehriban Əliyeva: Azərbaycan bu gün dünya xəritəsində öz yerini təsdiqləyib və sürətlə inkişaf edən bir dövlətdir
Mehriban Əliyeva: Azərbaycan bu gün dünya xəritəsində öz yerini təsdiqləyib və sürətlə inkişaf edən bir dövlətdir (FOTO)

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Noyabrın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Vatikandakı səfirliyinin dəstəyi ilə Vatikanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Trend-in məlumatına görə, mərasimdən əvvəl Azərbaycanın birinci xanımı Vatikanın mədəniyyət naziri, kardinal Can-Franko Ravazi ilə görüşüb.

Vatikanın mədəniyyət naziri bu görüşü Azərbaycana səfərinin davamı adlandırdı, Heydər Əliyev Fondu ilə tanışlığını xatırladı. Kardinal Azərbaycanın Vatikandakı Apostol kitabxanasında həyata keçirdiyi layihənin əhəmiyyətini vurğulayaraq dedi ki, bu zəhmətli iş nəticəsində Azərbaycan haqqında 42 monoskriptdən 15-i bərpa olunub.

Mehriban xanım Əliyeva Azərbaycan ilə Vatikan arasında formalaşmış sıx əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Heydər Əliyev Fondunun prezidenti həyata keçirilmiş birgə layihələrdə Vatikanın rolunu yüksək qiymətləndirdi və bu münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirdi.

Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.

Görüşdən sonra Azərbaycanın birinci xanımı və Vatikanın mədəniyyət naziri qədim və müasir Bakının, habelə mədəniyyət abidələrinin əks olunduğu fotolara və videoçarxlara baxdılar, sərgilərlə tanış oldular. Qədim misgərlik nümunələrinin, musiqi alətlərinin də nümayiş olunduğu sərgi, Azərbaycanın zəngin mədəni irsinin əyani sübutu kimi böyük maraq doğurdu.
Azərbaycan xalçaçılıq məktəblərinin misilsiz incilərinin nümayiş olunduğu sərgidə isə kardinala burada toplanmış əsərlər barədə məlumat verildi. Azərbaycan xalçaçılıq sənəti nümunələrinin, həmçinin Qarabağ xalçalarının nümayiş olunduğu sərgi də qonaqlarda zəngin təəssürat yaratdı.

Qonaqlar digər bir sərgi ilə - iki ildir ki, keçirilən "Qız qalası" festivalında təqdim edilən əsərlərlə də tanış oldular. Bu əsərlərdə dünyanın müxtəlif ölkələrindən olan rəssamların Bakının rəmzi sayılan Qız qalası ilə bağlı düşüncə və duyğuları təcəssüm tapıb. Əsərlərin arasında italyan rəssamı Alberto Lorronun "Qız qalası" da maraqla qarşılandı.
Azərbaycanın birinci xanımı Apostol kitabxanasında mühafizə olunan və azərbaycanlı alimlərin də iştirakı ilə bərpa edilən monoskriptlərə baxdı.

Sərgilərlə tanışlıqdan sonra təntənəli mərasim keçirildi. Aparıcı bu tədbirin əhəmiyyətini qeyd edərək vurğuladı ki, İtaliya indiyədək çox da yaxşı tanımadığı bir ölkəni özü üçün kəşf etmək şansı qazanıb. Azərbaycanın Vatikan ilə əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən aparıcı Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşmış belə möhtəşəm tədbirin İtaliyada ilk dəfə keçirildiyini də diqqətə çatdırdı.

Mərasimdə çıxış edən Vatikanın mədəniyyət naziri Can-Franko Ravazi Azərbaycanı mədəniyyətlərarası dialoqa böyük önəm verən ölkə adlandırdı. Kardinal vurğuladı ki, Azərbaycandakı katolik icmasının üzvləri sayca az olsalar da, onlar üçün yüksək şərait yaradılmışdır. Azərbaycanda sözün əsl mənasında tolerantlıq hökm sürür. Bütün bunların canlı şahidi olduğunu deyən kardinal Ravazi Azərbaycana böyük hörmət bəslədiyini də diqqətə çatdırdı.

Mərasim iştirakçılarını salamlayan və onlara ən xoş arzularını çatdıran Mehriban xanım Əliyeva tədbirin əhəmiyyətini qeyd etdi. Azərbaycanın birinci xanımı dedi ki, ölkəmizin müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərdən birinin də məhz Vatikanda baş tutması sevindirici haldır.

Ötən 20 il ərzində Azərbaycanın həyatında baş vermiş nailiyyətlərdən söhbət açan birinci xanım Mehriban Əliyeva ölkənin ən dərin yarası - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tədbir iştirakçılarına məlumat verdi. Mehriban xanım Əliyeva bildirdi ki, bu münaqişə nəticəsində 1 milyondan çox vətəndaşımız yurd-yuvasından didərgin düşüb, Qarabağda yerləşən tarixi və mədəni abidələr yer üzündən həmişəlik silinib. Bütün bunlara baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə və beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarıdır.

Azərbaycanın iqtisadi və siyasi nüfuzunun artığını diqqətə çatdıran Mehriban xanım Əliyeva ölkənin regionda həyata keçirilən irimiqyaslı layihələrin ən fəal təşəbbüsçüsü və iştirakçısı olduğunu vurğulayaraq dedi:

"Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan bu gün dünya xəritəsində öz yerini təsdiqləyib və sürətlə inkişaf edən bir dövlətdir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi bu gün Azərbaycanın payına düşür və regiondakı bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı, çox zaman isə təşəbbüsü ilə həyata keçirilir. Ölkəmizdə sosial problemlər ardıcıl olaraq öz həllini tapır. Təkcə onu demək kifayətdir ki, son 8 il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enmiş, ölkədə 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox yeni məktəb inşa olunmuş və yenidən qurulub.
Sabit inkişaf edən iqtisadiyyatımız bizə həqiqətən müstəqil xarici siyasət aparmağa imkan verir və bu gün Azərbaycan beynəlxalq sülhün və sabitliyin qorunmasına yönəlmiş dünyamiqyaslı proseslərdə fəal iştirak edir. Dünyanın aparıcı ölkələri Azərbaycanı strateji tərəfdaş kimi tanıyır".

Heydər Əliyev Fondunun Prezidenti 2002-ci ildə Roma Papası II İoann Pavelin Azərbaycana səfərini də xatırlatdı.

Sonra Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan və dünya musiqisindən seçmələr dinlənildi.
Konsertdən sonra qonaqlara zəngin Azərbaycan mətbəxinin nümunələri təqdim olundu. Mərasim iştirakçıların yaddaşında silinməz izlər buraxdı.

Xəbər lenti

Xəbər lenti