...

Novruz Məmmədov: Təsəvvür yaranır ki, ABŞ-ın erməni diasporası qarşısında hansısa ciddi öhdəlikləri var

Siyasət Materials 10 Dekabr 2011 19:29 (UTC +04:00)
Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bir sıra KİV-lərə müsahibəsində ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycanı qeyri-obyektiv şəkildə tənqid edən bəyanatını şərh edib.
Novruz Məmmədov: Təsəvvür yaranır ki, ABŞ-ın erməni diasporası qarşısında hansısa ciddi öhdəlikləri var

Azərbaycan, Bakı, 10 dekabr / Trend /

Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bir sıra KİV-lərə müsahibəsində ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycanı qeyri-obyektiv şəkildə tənqid edən bəyanatını şərh edib.

"Bu, çox maraqlı bir bəyanatdır. Deyərdim ki, bir neçə səbəbə görə maraqlıdır. Birincisi, qeyd edərdim ki, insan hüquqları barəsində müzakirələr, şübhəsiz ki, müasir dünyada çox böyük əhəmiyyətə malikdir", - Məmmədov deyib.

"Bu hüquqları müdafiə etmək niyyəti tam normal bir haldır. Lakin, insan hüquqları öz əhəmiyyətinə görə müxtəlif dərəcələrə bölünürmü?" deyən Novruz Məmmədov Ermənistan təcavüzünün qurbanları olmuş bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasını ABŞ Dövlət Departamenti tərəfindən nəzərə alınmadığını qeyd edib.

2011-ci il dekabrın 9-da Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə verdiyi bəyanatda ABŞ-ın dövlət katibi Hillari Klinton mənfi nümunələrdən biri kimi Azərbaycanın da adını çəkib.

"Əgər bu, Birləşmiş Ştatlar üçün doğrudan da vacib məsələdirsə, onda bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün Ermənistan tərəfinin qanunsuz silahlı təcavüzü nəticəsində doğma torpaqlarından qovulması məsələsində susmasını necə izah etmək olar? Niyə heç kim bu məsələ ilə bağlı ciddi bəyanatla çıxış etmir?", - Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri sual verib.

"Yəqin dövlət katibi üçün bu çıxışı hazırlamış şəxslər Zimbabve ilə yanaşı Azərbaycan haqqında danışaraq ingilis əlifbasının məntiqinə söykəniblər (ingilis əlifbasının ilk və son hərflərinin analoqu üzrə - red.) Ancaq ya onu pis öyrəniblər (ən azı, əlifbaya əsasən, Ermənistan (Armenia) Azərbaycandan (Azerbaijan) əvvəl getməlidir - red.), ya da biz yenə də ABŞ-ın xarici siyasətində ikili standartların nümayişinin şahidiyik", - Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, indiki halda bütün arqumentlər göz qabağındadır. Belə hiss var ki, Birləşmiş Ştatlar tərəfdən Ermənistana qeyri-təbii sevgi var. Amerika məhz belə münasibət nümayiş etdirir və hər dəfə bu kursa sadiq qalacağını sübut edir", - o vurğulayıb.

Novruz Məmmədovun sözlərinə görə, Ermənistanda hətta seçkilərin kobud saxtalaşdırılması, etirazçıların dağıdılması nəticəsində 30 nəfərin öldürülməsi zamanı da ABŞ susurdu.

"Hətta Ermənistanın həbsxanalarında yüzlərlə siyasi məhbus olsa, hökumət isə bütün KİV-ləri bağlatdırsa və fövqəladə vəziyyət elan etsə, ABŞ bu məsələnin üstündən tam sükutla keçəcək. Elə təsəvvür yaranır ki, ABŞ-ın erməni diasporu qarşısında hansısa ciddi öhdəlikləri var ki, bu, həm media strukturlarını, həm də rəsmi şəxsləri Azərbaycan barədə ancaq mənfi fikirlər səsləndirməyə, eyni zamanda, Ermənistan barədə ancaq müsbət şəkildə danışmağa məcbur edir", - Novruz Məmmədov deyib.

Novruz Məmmədovun bəyanatını onun Twitter sosial şəbəkəsindəki şəxsi səhifəsində - www.twitter.com/NovruzMammadov ünvanında da izləmək mümkündür.

Xəbər lenti

Xəbər lenti