Azərbaycan, Bakı, 18 dekabr/Trend, R.Daraxşan/
Çoxlu sayda insan Qazaxıstanın Aktau şəhərində Manqistau vilayətinin administrasiyasının yerləşdiyi meydanın yaxınlığına toplaşır. Xəbəri Trend-in hadisə yerində olan xüsusi müxbiri verib.
Toplaşan insanlar və təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş vermir.
Dekabrın 16-da Qazaxıstanın Janaozen şəhərində etiraz aksiyası zamanı 11 nəfər həlak olub, 86 mülki vətəndaş isə yaralanıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Janaozendə fövqəladə vəziyyət elan edib. Şəhərdə komendant saatı tətbiq olunub.
Şənbə günü 50 nəfərə yaxın insan Qazaxıstanın Şetpe qəsəbəsində dəmir yolunu bağlayaraq sərnişin və yük qatarlarının hərəkatını dayandırıb, yük qatarlarının lokomotivini yandırıblar. Hadisə nəticəsində bir nəfər ölüb, 11 nəfər isə yaralanıb.