Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə ümid edir ki, Fransa Ankara və Parisin çoxillik dostluğunu siyasi hesablar naminə qurban verməyəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Türkiyə Prezidenti Abdullah Gül deyib.
Prezident Gül, həmçinin, Fransanı "erməni soyqırımı"nın inkarına görə cinayət təqibi haqqında qanunun qəbul edilməsi məsələsini bağlamağa çağırıb.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə-Fransa münasibətləri üçüncü tərəfin tələblərindən asılı olmamalıdır və əgər Fransa Senatı qanun layihəsini qəbul etsə, Türkiyə bütün diplomatik vasitələrlə cavab verəcək.
Xarici işlər naziri Əhməd Davudoğlu isə qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, iki ölkə arasında diplomatik və iqtisadi əlaqələrin kəsiləcəyi ilə hədələyib.
Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsini təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.
Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.