Azərbaycan, Bakı, 26 dekabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev əhalinin bəzi kateqoriyalarının sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, aylıq sosial müavinətlərin məbləği 2011-ci il dekabrın 1-dən artırılaraq aşağıdakı kimi müəyyən edilsin:
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - 45 manat; bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - 40 manat; bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət: şəhid uşaqlarına - 15 manat; müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına - 10 manat.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.