...

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Nyu-York radiosunda veriliş hazırlanıb

Siyasət Materials 28 Dekabr 2011 10:56 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər ABŞ cəmiyyətinə çatdırılıb.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Nyu-York radiosunda veriliş hazırlanıb

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər ABŞ cəmiyyətinə çatdırılıb.

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən cərşənbə günü Trend-ə verilən məlumata görə, dekabrın 25-də səfir Aqşin Mehdiyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Nyu-Yorkda geniş yayımlanan "Davidson radiosu"na dəvət olunub.

Səfir Mehdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın apardığı işğalçılıq siyasətinin regionda sülhün və təhlükəsizliyin qorunub saxlanmasına təhdid olduğunu qeyd edib.

Bir saat davam edən verilişdə Mehdiyev dinləyicilərə ölkəmiz haqqında geniş məlumat verib.

Daimi Nümayəndəliyin məlumatında qeyd olunur ki, dekabrın 23-də Nyu-York şəhərində Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə Nyu-Yorkda fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin 22 dekabr 2011-ci il tarixində dünya azərbaycanlılarına müraciəti oxunub.

Məlumatda vurğulanır ki, tədbirdə çıxış edənlər ölkəmizin nailiyyətləri, keçdiyi yol, iqtisadi durumu və dünyada tutduğu yeri barədə söhbət açıblar.

Tədbirdə iştirak edən Mehdiyev çıxış edərək, ümummilli lider Heydər Əliyevin 20 il əvvəl irəli sürdüyü təşəbbüs nəticəsində əsası qoyulmuş bu bayram münasibətilə Azərbaycanın diaspor nümayəndələrini təbrik edib. Səfir Azərbaycanın 20 illik müstəqilliyi ərzində əldə etdiyi uğurlar və apardığı islahatlar haqqında geniş məlumat verib.

O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin və ölkəmizin dünyada artan nüfuzunun nəticəsi olaraq, Azərbaycanın bu il BMT-nin mötəbər qurumu olan Təhlükəsizlik Şurasının 2012-2013 illər üçün üzvü seçildiyini bildirib.

Tədbir iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin 50 illik yubileyi münasibətilə təbriklərini səsləndiriblər.

Xəbər lenti

Xəbər lenti