...

Azərbaycan Suriya probleminin ağırlığını BMT TŞ-də ciddi şəkildə göstərəcək - millət vəkili

Siyasət Materials 4 Yanvar 2012 12:52 (UTC +04:00)
Azərbaycan Suriya probleminin ağırlığını, vacibliyini BMT-nin Təhlükəsizlik Şurasında (TŞ) ciddi şəkildə göstərəcək.
Azərbaycan Suriya probleminin ağırlığını BMT TŞ-də ciddi şəkildə göstərəcək - millət vəkili

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan Suriya probleminin ağırlığını, vacibliyini BMT-nin Təhlükəsizlik Şurasında (TŞ) ciddi şəkildə göstərəcək. Bu barədə Trend-ə çərşənbə günü Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsində 155 ölkə, o cümlədən Ərəb Dövlətləri Liqasının üzvləri səs veriblər. "Ərəb dünyası Şurada öz maraqlarının Azərbaycanın timsalında müdafiə ediləcəyinə inanır", - Mirzəzadə deyib.

BMT-nin Təhlükəsizlik Şurası (TŞ) çərşənbə günü yenilənmiş heyətlə 2012-ci ildə ilk işgüzar iclasına toplanacaq. İclasda Suriyada baş verən hadisələrin geniş müzakirə olunacağı gözlənilir. Yanvarın 1-də Azərbaycan, Qvatemala, Mərakeş, Pakistan və Toqo BMT TŞ-nin qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıblar. Həmin ölkələr bu təşkilata ötən ilin oktyabrında Baş Assambleyada keçirilən seçkilər zamanı 2012-2013-cü illər müddətinə seçiliblər.

Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycanın Suriya ilə bağlı öz mövqeyi var və onun mövqeyi Ərəb Dövlətləri Liqasının mövqeyi ilə üst-üstə düşür. O bildirib ki, Azərbaycan Suriyada qan tökülməsinin qarşısının alınması və problemin qan tökülmədən həll edilməsinin tərəfdarı olan ölkələrdən biridir.

"BMT TŞ-də 5 daimi üzvün mövqeyi nəzərə alınsa da, Azərbaycanın mövqeyi heç də az əhəmiyyət kəsb etmir. Azərbaycan Şuranın yeni üzvü olmaqla yanaşı, regiondan olan bir ölkədir və Suriya ilə sərhəd olmasa da, proseslər gedən bölgənin bir hissəsidir. Bu səbəbdən Azərbaycan bu problemin tezliklə sülh yolu ilə həllində maraqlıdır", - o deyib.

Mirzəzadə həmçinin qeyd edib ki, BMT TŞ-nin iclaslarında iştirak Azərbaycan üçün həm fəxarətdir, həm məsuliyyətdir. "Bu gündən başlayaraq Azərbaycanın mövqeyi dəfələrlə dünyanın aparıcı mətbuat orqanlarının diqqətini cəlb edəcək", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti