...

Ermənistanda yeni nüvə reaktorunun tikilməsi ilə bağlı problem yaranıb

Siyasət Materials 12 Yanvar 2012 10:37 (UTC +04:00)
Ermənistanda yeni nüvə reaktorunun tikilməsi məsələsi açıq qalıb.
Ermənistanda yeni nüvə reaktorunun tikilməsi ilə bağlı problem yaranıb

Azərbaycan, Bakı, 12 yanvar / Trend müxbir İ.İsabalayeva/

Ermənistanda yeni nüvə reaktorunun tikilməsi məsələsi açıq qalıb. Bunu cümə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru, Beynəlxalq Atom Enerjisi Agentliyinin nüvə elmləri üzrə koordinatoru Adil Qəribov deyib.

Onun sözlərinə görə, reaktorun tikintisi məsələsinin açıq qalmasının səbəbi Ermənistanın bu məqsəd üçün maliyyə vəsaiti tapa bilməməsidir.

"Reaktorun tikilməsi ilə bağlı elan edilən tenderin qalibi Rusiya olub. Amma Rusiyaya da maliyyə vəsaiti vermək lazımdır. Layihə-smeta sənədlərinin işlənməsi üçün Rusiyaya azı bir neçə milyon dollar maliyyə vəsaiti ödənilməlidir. Ermənistanda isə bu vəsait yoxdur. Layihə-smeta sənədləri olmadan dünya bankları kredit ayırmayacaq", - Qəribov qeyd edib.

O əlavə edib ki, Ermənistan maliyyə vəsaiti tapmadığı üçün yeni reaktorun ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılmayıb.

Qəribovun sözlərinə görə, Ermənistan iki bloku birdən tikmək istəsə də, ölkənin soyuducu su sisteminin olmaması buna imkan vermir.

BAEA rəsmisi bildirib ki, hazırda reaktorun inşası ilə bağlı əsas problemlərdən biri də su ehtiyatları ilə bağlıdır. Çünki Ermənistan Arazdan götürdüyü su vasitəsilə yalnız bir reaktor işlədə bilər. Həmin reaktorun gücü isə 1000 meqavat ola bilər.

Ermənistan "Metsamor" atom elektrik stansiyasından güclü olacaq yeni AES tikməyi planlaşdırır. Layihənin təxminən 1 milyard dollara başa gələcəyi güman edilir.

"Metsamor" AES-in istismar müddəti 2010-cu ildə bitib. Amma Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri stansiyanın fəaliyyətinin 2016-cı ilə qədər davam etməsi barədə razılığa gəlib.

Xəbər lenti

Xəbər lenti