Azərbaycan, Bakı, 14 yanvar / Trend müxbir İ.İsabalayeva/
Azərbaycanın Ankaradakı səfirliyi, Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ilə birgə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyənin Xarici İşlər Nazirliyində "Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin yaranmasının 20-ci ildönümü münasibətilə" foto sərgi təşkil edilib.
Azərbaycanın Ankaradakı səfirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə Türkiyə XİN-nin yüksək vəzifəli rəsmiləri və əməkdaşları, səfirliyimizin əməkdaşları, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, millət vəkilləri, elm adamları, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, diaspor nümayəndələri və KİV nümayəndələri iştirak ediblər.
Sərgidə ölkəmizin paytaxtı Bakı şəhərinin son illərdə sürətli inkişafını əks etdirən fotolar nümayiş etdirilib.
Tədbirin açılış nitqini Türkiyə XİN-nin İkitərəfli Əlaqələr Departamentinin rəhbəri səfir Hayri Hayret Yalav həyata söyləyib.
O, öz nitqində müstəqilliyini yenidən qazandıqdan sonra Azərbaycanın bütün sahələrdə baş verən sürətli inkişafından, Azərbaycanın regionda xüsusi bir nüfuz əldə etməsi və BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsindən bəhs edib.
Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov çıxışında, Türkiyə-Azərbaycan münasibətlərinin özünəməxsusluğundan, regionda iki qardaş ölkənin birgə fəaliyyətinin əhəmiyyətindən, iki ölkənin müştərək həyata keçirdiyi strateji əhəmiyyətli layihələrin önəmindən danışıb.