...

Parlamentarilər Azərbaycan-Gürcüstan münasibətlərini müzakirə ediblər

Siyasət Materials 17 Yanvar 2012 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir M.Əliyev/

Milli Məclisdə çərşənbə axşamı Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupu ilə Gürcüstan parlamentinin vitse-spikeri Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyətinin görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşdə dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri yalnız qonşuluq və dostluq münasibətləri deyil, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir.

Onun sözlərinə görə, parlament üzvləri iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini göstərməlidirlər.

Görüşdə Gürcüstan parlamentinin vitse-spikeri Fridon Todua bildirib ki, iki ölkənin xalqı hər zaman birlikdə olub. "Azərbaycan və gürcü xalqları arasında problemlər olmayıb. Xırda məsələlər olub ki, onu da hər iki xalq çox sakit şəkildə həll ediblər", - o deyib.

Gürcüstan parlamentinin sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti çərşənbə axşamı Fəxri xiyabanda Azərbaycanın ümümilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Gürcüstanın vitse-spikeri jurnalistlərə müsahibəsində bildirib ki, onun Prezident İlham Əliyevlə səmərəli görüşü baş tutub. Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti