...

Səfər Əbiyev: Azərbaycan bölgədə sülhün tərəfdarıdır (FOTO)

Siyasət Materials 29 Fevral 2012 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend müxbir K.Zərbalıyeva/

Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Xalid Şamim Vaynın Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət etdikdən sonra qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.

Geniştərkibli görüşdə hərbi əməkdaşlığın müxtəlif sahələr üzrə daha da genişləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb, irəli sürülən konkret təkliflərin reallaşması üçün işçi qrupların fəaliyyətə başlanması qərara alınıb.

Görüş zamanı nazir Səfər Əbiyev qonağı regionda hökm sürən gərgin hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər barədə məlumatlandırıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində Silahlı Qüvvələrimizin üzərinə düşən vəzifələrə toxunan müdafiə naziri bildirib ki, biz bölgədə sülhün tərəfdarıyıq, ancaq torpaqlarımız işğaldan azad edilmədiyi təqdirdə Azərbaycan digər zəruri tədbirləri həyata keçirməkdən çəkinməyəcək.

Öz növbəsində general Xalid Şamim Vayn da həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduqlarını və haqq mübarizəsində Pakistan İslam Respublikasının ölkəmizi dəstəklədiyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti