Azərbaycan, Bakı, 29 fevral /Trend/
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri komitəsinin sədri general Xalid Şamim Vaynın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Trend-in çərşənbə günü FHN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, görüş zamanı nazir Kəmaləddin Heydərov Azərbaycanın son illərdə sosial-iqtisadi həyatın bütün sferalarında əldə etdiyi nailiyyətlərdən danışıb, habelə nazirliyin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.
Qonaq da öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb. O, həmçinin, Pakistan İslam Respublikasında musson yağışları nəticəsində baş vermiş daşqınlardan zərər çəkmiş insanlara Fövqəladə Hallar Nazirliyinin göstərdiyi yardıma görə təşəkkür edib.