...

Problemli Əfqanıstan

Siyasət Materials 22 Mart 2012 09:00 (UTC +04:00)
Əfqanıstanın Qəndəhər vilayətinin kəndində 16 dinc sakin gülləbaran edildikdən sonra bütün ölkə ərazisində nümayişlər başlayıb və indiyədək dayanmır. ABŞ və Əfqanıstan arasında münasibətlər fevral ayında Bəhram hərbi bazasında Quranın bir neçə nüsxəsinin yandırılmasından sonra pozulmağa başladı.
Problemli Əfqanıstan

Arzu Nağıyev - Trend -in eksperti

Əfqanıstanın Qəndəhər vilayətinin kəndində 16 dinc sakin gülləbaran edildikdən sonra bütün ölkə ərazisində nümayişlər başlayıb və indiyədək dayanmır. ABŞ və Əfqanıstan arasında münasibətlər fevral ayında Bəhram hərbi bazasında Quranın bir neçə nüsxəsinin yandırılmasından sonra pozulmağa başladı.

ABŞ 2014-cü ildə Əfqanıstandan qoşunların çıxarılması və vətəndaş müharibəsinə son qoymaq üçün hazırkı Əfqanıstan hökumətinin sabitliyini təmin etmək üçün Taliban ilə danışıqlar aparmaq niyyətində idi.

Eyni zamnda ABŞ danışıqların üçtərəfli aparılmasına və Əfqanıstan hökümətinin də iştirakçı olmasına çalışırdı. Taliban öz növbəsində Həmid Kərzai hökumətini legitim saymır və onlarla danışığa getməkdən imtina edir.

Taliblər isə Qətərdə öz nümayəndəliklərini yaratmaq və onun vasitəsilə Quantanamo həbsxanasında saxlanılan beş döyüşçü yoldaşlarını əsir götürdükləri bir amerikalı ilə dəyişmək üçün danışıqlar aparmaq niyyətində idilər və demək olar ki, danışıqlar müsbət nəticə ilə başa çatmağa yaxın idi.

Rəsmi Kabil isə Talibanla Qətərdə görüşmək istəmirdi, çünki əfqanlar taliblərlə görüşün onların razılığı olmadan aparıldığını geyd etmişdilər və görüşlərlə bağlı istənilən qərarın Vaşinqton tərəfindən deyil, Əfqanıstan hökuməti tərəfindən qəbul ediləcəyini zəruri hesab edirdilər. Bu baxımdan Əfqanıstan hökuməti taliblərlə ikitərəfli görüşün fərqli olaraq digər bir xətt üzrə Türkiyədə və ya Səudiyyə Ərəbistanında keçirilməsi variantını təklif edirdilər.

Mülahizələrə görə, Kərzai alyans qüvvələri ölkəni tərk etdikdən sonra heç olmasa ərazinin bir hissəsinə nəzarəti əldə saxlamağa çalışır. Məlum hadisələrdən sonra Prezident ABŞ müdafiə naziri Leon Panetta ilə görüşündə əfqan qoşunlarının ölkənin təhlükəsizliyinə nəzarət edəcəyinə, əvvəllər elan edildiyi kimi, 2014-cü ildə deyil, 2013-cü ildə hazır olacağını elan edib. Pentaqon isə yaxın zamanda bunun qeyri mümkün olduğunu bildirir və baş vermiş hadisələrə baxmayaraq, bu prosesin plan üzrə 2014-cü ildə yerinə yetiriləcəyini bəyan edir.
Əfqanıstan taktiki nüvə silahları da daxil olmaqla, bütün növ silahların yerləşdirilməsi üçün çox əlverişli poliqondur, aerodromların yenidən qurulması nəticəsində hətta Çin və Pakistanın da nüvə mərkəzlərini "narahat" etmək mümkündür. Faktiki olaraq, Əfqanıstanda yerləşən NATO qüvvələri demək olar ki, Mərkəzi Asiya, İran, Hindistan da daxil olmaqla, regiona nəzarət etməyə qadirdir.

Moskva Taliban və əfqan hökümətinin danışıqlar aparmasına ehtiyatla yanaşır və bütöv hərəkatın bərpa edilməsinin əleyhinədir, eyni zamanda, 2014 -cü ildə qoşunların tam çıxarılmasından sonra da nəzarəti ələ götürməyə tam hazır deyil.

Çin öz növbəsində, Əfqanıstanın neytral dövlətə çevrilməsində çox maraqlıdır və bu ölkədə öz iqtisadi və siyasi təsirini artırmaq niyyətindədir.

Hindistan öz növbəsində, qoşunların çıxması ilə əlaqədar Talibanın hakimiyyətə qayıdacağından və Pakistanla olan münasibətində gərginliyin və terror təhdidinin artacağından narahatdır.

BMT-nin hesabatına əsasən, Əfqanıstanda 2011-ci ildə 3021 dinc sakin qətlə yetirilib. Bu isə 2010-cu illə müqayisədə 8 faiz çoxdur. Bu qətllərin 77 faizi Taliban və digər qanunsuz birləşmələr tərəfindən törədilib. Hökumət qoşunları və NATO birləşmələri tərəfindən isə 419 nəfər, yəni 14 faiz dinc əfqan öldürülüb, 976 nəfər əldə düzəlmiş partlayıcı vasitələrdən həlak olub. Kamikadzelər tərəfindən törədilən cinayətlər nəticəsində ölənərin sayı ( 431nəfər ) 80 faiz artıb.

Ötən il silahlı münaqişəyə görə ölkəni 185 min nəfər Əfqanıstan vətəndaşı tərk edib, bu isə 2010-cu illə müqayisədə 45 faiz çoxdur.

Statistik faktlar belə nəticəyə gəlməyə əsas verir ki, Qərb müttəfiqlərinin və Əfqanıstan hökumətinin bütün səylərinə baxmayaraq, vəziyyətin stabilləşməsindən danışmaq hələ ki, tezdir.

Xəbər lenti

Xəbər lenti