...

"1918. Azərbaycan qətliamları foto və sənədlərdə" kitab-albomu nəşr edilib (FOTO)

Siyasət Materials 29 Mart 2012 18:11 (UTC +04:00)
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə tarix elmləri doktoru, professor Solmaz Rustəmova-Tohidinin hazırladığı "1918. Azərbaycan qətliamları foto və sənədlərdə" kitab-albomu nəşr edilib.
"1918. Azərbaycan qətliamları foto və sənədlərdə" kitab-albomu nəşr edilib (FOTO)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir K.Zərbalıyeva/

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə tarix elmləri doktoru, professor Solmaz Rustəmova-Tohidinin hazırladığı "1918. Azərbaycan qətliamları foto və sənədlərdə" kitab-albomu nəşr edilib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən Trend-ə daxil olan məlumata görə, "1918. Azərbaycan qətliamları foto və sənədlərdə" kitab-albomunun baş məsləhətçisi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudovdur. Elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Məmməd Cəfərlidir.

Kitab-albomda 1918-ci ilin mart və sonrakı aylarında daşnak-bolşevik silahlı birləşmələri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımlarla bağlı uzun illər itirilmiş sayılan nadir faktoloji materiallar ilk dəfə geniş ictimaiyyətə təqdim edilib. Bu sənədli toplu 1918-ci ildə törədilmiş qətliam və xalqımızın müstəqillik və azadlıq uğrunda mücadilə tarixinin qaranlıq səhifəsinə aydınlıq gətirilməsi baxımından öz unikallığı ilə diqqət cəlb edir.

Azərbaycanlıların 1918-ci il mart soyqırımı ilə bağlı materiallar silsiləsindən növbəti nəşr olmaqla, kitabda Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Cənubi Qafqazın müsəlman əhalisinə və onların mülkiyyətinə qarşı həyata keçirilmiş qətliam və talan hadisələrinin araşdırılması məqsədilə yaradılmış Fövqəladə İstintaq Komissiyasının müəyyən etdiyi, amma Azərbaycan arxivlərində saxlanmamış faktlar əksini tapıb.

Xatırlatmaq yerinə düşərdi ki, Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə Solmaz Rustəmova-Tohidinin 2009-cu ildə "Bakı. mart 1918. Azərbaycan talanları", 2010-cu ildə isə "Quba. 1918-ci il aprel-may. Müsəlman talanları sənədlərdə" kitabları nəşr edilib.

Hazırkı nəşrlə 1918-ci ilin mart-iyul aylarında Bakı və Şamaxı şəhərlərində, o cümlədən Şamaxı və Göyçayın yaşayış məntəqələrində qətlə yetirilən on minlərlə soydaşımızın faciəli taleyini əks etdirən nadir foto nümunələri təqdim edilir. Eyni zamanda, müsəlman əhaliyə məxsus müxtəlif təyinatlı əmlakın talan və dağıntılardan sonrakı vəziyyətini əks etdirən materiallar da yer alır. Kitabdakı fotolar Azərbaycan nümayəndə heyəti tərəfindən 1919-cu ildə Paris Sülh Konfransı iştirakçılarına, o cümlədən bir çox əcnəbi ölkələrin dövlət başçılarına təqdim edilib. 90 ildən artıq müddətdə aqibəti geniş ictimaiyyətə məlum olmayan bu fotosənədlərdən 102 ədədi xarici ölkə arxivlərində müəyyən edilərək əldə olunub. Kitab-alboma Fövqəladə İstintaq Komissiyasının bu materiallarla birbaşa əlaqəsi olan sənədləri də daxil edilib.

Sənədli toplunun iki bölməsində ermənilərin Bakı, Şamaxı bölgəsinin yaşayış məntəqələrində və Kürdəmirdə törətdiyi vəhşiliklərə dair fotomateriallar, Fövqəladə İstintaq Komissiyasının həmin təsvirlərin təsdiqi və aidiyyəti təhqiqatla bağlı digər sənədləri verilib.

"1918. Azərbaycan qətliamları foto və sənədlərdə" kitab-albomu türk, ingilis və rus dillərində tərtib olunub ki, bu da Azərbaycan həqiqətlərinin təbliği baxımından xüsusən təqdirəlayiqdir.

Xəbər lenti

Xəbər lenti