Azərbaycan, Bakı, 26 may /Trend/
Dünyanın müxtəlif ölkələrinin dövlət başçıları 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik ediblər.
"İcazə verin, Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə təbrik edim.
Tərəqqi və firavanlıq yolu ilə inamla irəliləyən, cəmiyyətdə genişmiqyaslı islahatlar aparılması, iqtisadi və sosial sahənin dəyişdirilməsi, beynəlxalq arenada ölkənin nüfuzunun artırılması üzrə nəzərdə tutulan planları ləyaqətlə həyata keçirən Azərbaycanın sanballı uğurlarını Özbəkistanda məmnunluqla qeyd edirlər. Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında tarixən yaranmış ənənəvi dostluq münasibətləri, çoxplanlı sıx əməkdaşlıq bundan sonra da qarşılıqlı hörmət və etimad prinsipləri əsasında ardıcıl olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir. Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və hərtərəfli firavanlıq arzu edirəm", - Özbəkistan Prezidenti İslam Kərimovun təbrik məktubunda deyilir.
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari də azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edib.
"Azərbaycanın əlamətdar bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam. Əminəm ki, mövcud yüksək səviyyəli əməkdaşlığımız xalqlarımıza rifah gətirərək, qardaşlıq əlaqələrimizi gələcək illərdə daha da möhkəmləndirəcəkdir.
Fürsətdən istifadə edərək, Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.
Zati-aliləri, dərin ehtiramımı qəbul etmənizi Sizdən xahiş edirəm", - Pakistan Prezidentinin məktubunda vurğulanır.
Prezident İlham Əliyevə daha bir təbrik məktubu Hindistan Prezidenti Pratibha Devisinq Patildən gəlib.
"Milli bayramınız münasibətilə Sizi və Azərbaycan xalqını Hindistan xalqı adından təbrik etməkdən böyük məmnunluq duyuram. Tarixi və mədəni əlaqələrimizin əsrlərlə yaşı olmasına baxmayaraq, əməkdaşlığımızın daha da inkişaf etməsi bu il iyirmi illiyini qeyd etdiyimiz rəsmi diplomatik münasibətlərin yaradılmasından sonra baş vermişdir. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan yaxın əlaqələr diplomatik münasibətlərin yaradılmasından sonra müxtəlif sahələrdə daha da genişlənmiş və dərinləşmişdir ki, bu da əcdadlarımızın keçmişdə qurduğu əməkdaşlıq sayəsində mümkün olmuşdur. Hindistan bu əlaqələrin daha da gücləndirilməsini arzu edir. Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq və rifah arzu edirəm", - Patilin məktubunda qeyd olunur.
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbrikimi çatdırmaqdan xüsusi məmnunluq duyuram. Bu fürsətdən məmnuniyyətlə istifadə edərək, eyni zamanda, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı çatdırıram", - Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyilir.
İsveçrə Konfederasiyasının Prezidenti Eveline Vidmer-Şlumpf isə azərbaycanlı həmkarına ünvanladığı təbrik məktubunda bunları qeyd edir: "Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə İsveçrə Federal Şurası adından Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunam. Sizə möhkəm cansağlığı və rifah, ölkənizə çiçəklənmə arzu etmək üçün bu, yaxşı fürsətdir. İnanıram ki, ölkələrimiz arasında mövcud olan etimad və dostluq əlaqələri gələcək illərdə daha da inkişaf edəcəkdir".
"Zati-aliləri, icazə verin, ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edim, Azərbaycan xalqına rifah və əmin-amanlıq arzularımı çatdırım", - Niderland Kraliçası Ülyahəzrət Beatriksin təbrik məktubunda deyilir.
Azərbaycan Prezidentini təbrik edənlər sırasında Çex Respublikasının Prezidenti Vatslav Klaus da var.
"Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm. Çox şadam ki, Azərbaycan Respublikası ilə Çex Respublikası arasında mövcud olan ikitərəfli əlaqələr dinamik şəkildə inkişaf edir. Çex Respublikası Azərbaycan Respublikasını özünün mühüm tərəfdaşı hesab edir və bütün sahələrdə ikitərəfli qarşılıqlı faydalı əlaqələrin bundan sonra da inkişafında maraqlıdır. Əminəm ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr daha da möhkəmlənəcək və genişlənəcəkdir. Cari ilin aprelində Sizin Çex Respublikasına dövlət səfəriniz bu əlaqələrin inkişafına təkan vermişdir", - Klausun məktubunda qeyd olunur.
"Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizə özümün və Xorvatiya Respublikası vətəndaşlarının ən səmimi təbriklərini çatdırır, ölkənizə və vətəndaşlarınıza firavanlıq arzulamaqdan məmnunluq duyuram.
Zati-aliləri, mənim ən dərin hörmətimi qəbul etməyinizi xahiş edirəm", - Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirilir.