...

Prezident İlham Əliyev Naxçıvan Şəhər Gömrük İdarəsinin, FHN-in inzibati binalarının və sement zavodunun açılışında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 30 May 2012 16:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəisi general-leytenant Asəf Məmmədov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Prezident İlham Əliyev Naxçıvan Şəhər Gömrük İdarəsinin, FHN-in inzibati binalarının və sement zavodunun açılışında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

İlk xəbər saat 15:47-də yayılıb

Azərbaycan, Bakı, 30 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəisi general-leytenant Asəf Məmmədov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Naxçıvan Şəhər Gömrük İdarəsi 2001-ci ildə yaradılıb. Qurum bu vaxtadək uyğunlaşdırılmış binada fəaliyyət göstərib. Tikintisinə ötən il başlanılan Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binası ən müasir avadanlıqla təchiz edilib. Üçmərtəbəli bina gömrük orqanlarının tanınma nişanında əksini tapan açar formasında inşa olunub. Burada xidməti otaqlar, server və tədris otaqları, arxiv var. Müşahidə otağında quraşdırılan 22 nəzarət kamerası ilə eyni vaxtda müşahidə aparmaq mümkündür.

Binadakı iclas, konfrans və akt zalları da müasir tələblər səviyyəsində yaradılıb. Elektron lövhələr, proyektorlar və digər informasiya texnologiyaları qurğuları ilə təchiz edilən bu zallarda müxtəlif beynəlxalq görüşlərin, seminarların və tədbirlərin keçirilməsi üçün geniş imkanlar var. İnzibati binada gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə, texniki nəzarət vasitələri, həmçinin statistika və informasiya texnologiyaları bölmələri yerləşir.

Qeyd edildi ki, dörd hektar ərazidə yerləşən bu kompleksdə inzibati bina, yük xətti, rəsmiləşdirmə binaları və gömrük laboratoriyası, kinoloji xidmət yaradılıb. Yük xəttində geniş platforma və ümumi sahəsi 2097 kvadratmetr olan iki anbar tikilib.

Anbar binalarında "Rapiskan" tipli rentgen qurğuları quraşdırılıb. Anbarın kompüterləri vasitəsilə mərkəzdən buradakı prosesə birbaşa nəzarət etmək mümkündür. Yük xəttində xüsusi saxlanma şəraiti tələb edən malların yerləşdirilməsi üçün hər birinin tutumu beş ton olan iki soyuducu anbar yaradılıb. İdarənin həyətində ən müasir tələblərə cavab verən tərəzi quraşdırılıb. Ərazidə yarımstansiya, qazanxana var. Bu kompleks daxili və beynəlxalq yükdaşımaları həyata keçirən nəqliyyat vasitələrinin şəhərə girmədən hərəkətinə şərait yaradır, xarici ticarətin inkişaf etdirilməsi, idxal-ixrac prosedurunun sadələşdirilməsi və ümumilikdə gömrük işinin keyfiyyətinin artırılmasında mühüm rol oynayır.

Dövlətimizin başçısına inzibati binanın birinci mərtəbəsində yaradılan avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi bölməsindəki şərait barədə məlumat verildi. Bildirildi ki, avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi "bir pəncərə" prinsipi ilə həyata keçiriləcək. Bölmədə gömrük işçiləri, brokerlər, dövlət yol polisinin və notariat xidmətinin əməkdaşları fəaliyyət göstərir. Bundan başqa, burada bank filialı vardır və post-terminal quraşdırılıb. Bölmədə yaradılan şərait vətəndaşa cəmi 20 dəqiqə ərzində avtomobilinin rəsmiləşdirilməsini tam yerinə yetirməyə imkan verir. Bu, ilk növbədə, insanların rahatlığı, digər tərəfdən isə şəffaflıq baxımından böyük əhəmiyyət kəsb edir. Bölmədəki xüsusi məlumat köşkündə isə vətəndaşlar gömrük bəyannaməsi yaza, çap edə və gömrük ödənişlərinin eyniləşdirilməsi nömrəsi, qanunvericilik aktları barədə Azərbaycan, ingilis və rus dillərində ətraflı məlumat əldə edə bilərlər.

Diqqətə çatdırıldı ki, idarənin gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsi də müasir tələblər səviyyəsində qurulub. Kompleksdə operativliyin və şəffaflığın təmini üçün müraciət edən şəxslərin qəbulu ardıcıllığının müəyyən olunmasına xidmət edən elektron növbə sistemi və infoköşk yaradılıb. Bu köşkdə vətəndaşlar bəyanetmə və rəsmiləşdirməni elektron formada həyata keçirə bilərlər. Bu bölmənin fəaliyyəti də "bir pəncərə" prinsipi ilə aparılır. Burada gömrük işçiləri ilə bərabər, brokerlər, baytarlıq, fitosanitar və karantin xidmətlərinin əməkdaşları da vətəndaşlara xidmət edəcəklər. Bölmə ən son texniki nəzarət vasitələri ilə təchiz olunub. Buradakı bəzi müasir vasitələr Cənubi Qafqazın digər ölkələrində hələ ki yoxdur. Narkotik və partlayıcı maddələrin, həmçinin gizli saxlanc yerlərinin aşkarlanması, metal və kimyəvi maddələrin tərkibini və radioaktiv sızıntıları müəyyən edən qurğular, baxış alətləri və digər müasir avadanlıq Naxçıvan Şəhər Gömrük İdarəsi əməkdaşlarına işi ən yüksək səviyyədə həyata keçirməyə imkan verəcək. Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsində iclas, seminar zalları və rəsmiləşdirməyə dair biliklərin artırılması üçün tədris otağı var.

Prezident İlham Əliyev idarənin laboratoriyası ilə tanış oldu.

Bildirildi ki, yeni inşa olunmuş gömrük laboratoriyası da ən yüksək standartlara cavab verir. İkimərtəbəli binada laborator analizlərin götürüləcəyi ayrıca bölmələr və xidməti otaqlar inşa olunub. İkinci mərtəbədə laborator analizlərin aparılacağı spektrometriya, atom absorbsiya, nümunə və mühitlərin hazırlanması, bakterioloji əkin, inkubasiya, mikroskopiya, avtoklavlama və yuma, xromatoqrafiya, radioloji, fiziki-kimyəvi tədqiqat otaqları, mikrobioloji laboratoriya fəaliyyət göstərir. Burada Cənubi Qafqazda yeganə olan geni dəyişdirilmiş malların təyini və mikrobioloji laboratoriyası yaradılıb. Avropanın və ABŞ-ın aparıcı şirkətlərinin istehsalı olan avadanlıqla təchiz edilən laboratoriyalar beynəlxalq sertifikata malikdir.

Diqqətə çatdırıldı ki, idarənin həyətində geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb.

Naxçıvan Şəhər Gömrük İdarəsində yaradılan şəraitdən razılığını bildirən Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan sement zavodunun açılışında iştirak edib.

Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Azərbaycan Prezidenti əvvəlcə zavodun sxemini, istehsal prosesini, xammal və hazır məhsulların nümayiş olunduğu stendə baxdı.

Məlumat verildi ki, son illər Naxçıvan Muxtar Respublikasında yenidənqurma və tikinti işləri geniş vüsət aldığından inşaat materiallarına da tələbat getdikcə artır. Bu baxımdan yeni sement zavoduna kəskin ehtiyac yaranıb. Müəssisənin inşası məqsədilə mütəxəssislər əvvəlcə təbii sərvətlərlə zəngin olan muxtar respublikada sement istehsalı üçün xammal mənbələrinin müəyyən edilməsi məqsədilə geoloji axtarış işlərinə başlayıblar. Müvafiq yataqlar aşkar olunduqdan və xammalın tərkibi öyrənildikdən sonra Kəngərli rayonunda 150,6 hektar ərazidə yeni sement zavodu tikilib. Nəticədə son 20 ildə muxtar respublikada investisiya qoyuluşuna görə ən böyük layihələrdən biri reallaşdırılıb.

Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə saldı.

Sonra dövlətimizin başçısı avtobusla zavodun ərazisini gəzdi.

Məlumat verildi ki, müəssisədə istehsal sahələri, xammal və hazır məhsulun saxlanması üçün anbarlar, inzibati və iaşə binaları istifadəyə verilib. Burada kompleks abadlıq və yaşıllaşdırma tədbirləri reallaşdırılıb. Müasirliyi ilə diqqəti cəlb edən yeməkxanada hər cür şərait yaradılıb. Müəssisənin elektrik enerjisi ilə etibarlı təchizatı üçün ayrıca 110-35-10 kilovoltluq yarımstansiya quraşdırılıb. Naxçıvan-Sədərək magistralından zavoda iki kilometr uzunluğunda asfalt-beton örtüklü yeni avtomobil yolu çəkilib. Naxçıvan sement zavodu Azərbaycanın sənaye potensialının daha da möhkəmləndirilməsinə böyük töhfədir.

Qeyd edildi ki, zavod ən müasir standartlara cavab verir. "Naxçıvan Sement" MMC-nin məhsulları muxtar respublikada inşaat sektorunun tələbatını tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac olunacaq. Tezliklə bu müəssisə regionun sement bazarında əhəmiyyətli yer tutacaq.

Bildirildi ki, zavodun ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, 12 hektar ərazidə 18 mindən çox müxtəlif növ ağac əkilib. Müəssisənin ətraf mühitə mənfi təsirinin azaldılması da diqqət mərkəzində saxlanılıb, burada dünya standartlarına cavab verən müvafiq avadanlıq quraşdırılıb.

Dövlətimizin başçısına zavodun istehsal prosesi barədə də ətraflı məlumat verildi. Qeyd olundu ki, 18 əsas istehsal sahəsindən ibarət olan müəssisədə ən müasir avadanlıq quraşdırılıb. Tam gücü ilə işlədiyi zaman müəssisədə üç növbədə 210 nəfər daimi işlə təmin olunacaq.

Müəssisənin gündəlik sement istehsalı gücü 800 tondur. Zavodun işçilərinin əksəriyyətini muxtar respublikanın gənc sakinləri təşkil edir və onların peşə bacarıqlarının təkmilləşdirilməsi üçün hərtərəfli tədbirlər görülür.

Konveyer üsulu ilə işləyən zavodda texnoloji proseslərə ciddi əməl olunur. Burada sement quru üsulla istehsal edilir. Regionda bu son texnologiya çox az müəssisədə tətbiq olunur. Burada istehsal edilən sement keyfiyyətinə görə muxtar respublikaya idxal olunan müvafiq məhsuldan dəfələrlə üstündür. Quru üsulla sement istehsalı zavodda yanacaq sərfini də minimuma endirir. Müəssisədə istifadə edilən bütün xammal növləri və qatqılar, o cümlədən əhəng daşı, dəmirli gil, kvars, gips muxtar respublikanın Kəngərli, Şərur və Babək rayonlarındakı mədənlərdən əldə edilir. Zavoda daxil olan xammal müxtəlif mərhələlərdən keçərək kiçik ölçülərdə doğranır və qarışıqlarla birlikdə 1400-1600 dərəcə istidə bişirilir. Hazır məhsul sonrakı mərhələdə üyüdülüb 50 kiloqramlıq kisələrdə qablaşdırılaraq satışa çıxarılır.

Prezident İlham Əliyevə bildirildi ki, yenicə fəaliyyətə başlamasına baxmayaraq, artıq zavodun məhsulları Avropa tələblərinə uyğun "CE" keyfiyyət nişanına layiq görülüb. Beynəlxalq ekspertlər qiymətləndirmə zamanı zavodda quraşdırılan avadanlığın və keyfiyyətə nəzarət cihazlarının müasirliyi, əməyin və ətraf mühitin mühafizəsinə maksimum həssaslıqla yanaşılmasını əsas götürüblər. Zavodda istehsal xəttinə daxil olan xammal, qatqı maddələri, istehsal edilən klinkerin, sementin fiziki və kimyəvi keyfiyyətinə nəzarət müasir avadanlıqla təchiz olunmuş laboratoriyada həyata keçirilir. Bununla yanaşı, saatda bir dəfə istehsal xəttindən nümunələr alınaraq kimyəvi, fiziki və mexaniki analizlər aparılır. Həmin analizlərin nəticələri zavodun arxivində saxlanılmaqla yanaşı, istehlakçılara da təqdim olunur. Zavodun yüksək keyfiyyəti ilə seçilən məhsulları Bakıda, ölkəmizin rayonlarında və Gürcüstanda artıq satışa çıxarılıb. Yaxın vaxtlarda müəssisədə yeni növ məhsulların istehsalı, eləcə də yerli və beynəlxalq keyfiyyət sertifikatlarının alınması nəzərdə tutulub.

Bildirildi ki, insan amili və keyfiyyətin başlıca meyar kimi götürüldüyü müəssisədə texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğından mühafizə qaydalarına xüsusi diqqət yetirilir.

Naxçıvan sement zavodu ilə yaxından tanış olan Prezident İlham Əliyev müəssisənin kollektivinə uğurlar arzuladı.

Mayın 30-da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamo Abdullayev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı mərkəzin inzibati binasının rəmzi açılışını bildirən lenti kəsdi. Prezident sinif otağında yaradılmış şəraitlə tanış oldu. Burada fövqəladə hallar zamanı vəziyyətin idarə olunması ilə bağlı təlimatlar verilir, əyani vəsaitlərdən istifadə qaydaları öyrədilir.

Sonra dövlətimizin başçısına nazirliyin "112" qaynar telefon xətti ilə bağlı məlumat verildi. Burada quraşdırılmış ən müasir avadanlıq fövqəladə hallar zamanı vaxtında məlumatın alınmasını təmin edir.

Məlumat verildi ki, səkkizmərtəbəli binanın ümumi sahəsi 7592,2 kvadratmetrdir. Burada 103-ü xidməti, 56-sı isə yardımçı olmaqla 159 otaq var. Binada Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin idarəetmə zalı yaradılıb. Bu mərkəzin istifadəyə verilməsi fövqəladə halların qarşısının alınmasında daha səmərəli nəticələrin əldə olunmasına geniş imkanlar yaradır. Zal muxtar respublika ərazisində baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq qurumlarla birlikdə baş vermiş hadisənin təhlil edilməsi və həlli üzrə qərarların qəbulu üçün nəzərdə tutulub. İdarəetmə zalı hadisə yerini birbaşa izləmək üçün monitorla təchiz edilib. Burada videokonfrans əlaqəsi qurmaq üçün cihazlar, baş verən hadisəni böyük monitorda izləmək üçün 15 fərdi monitor, mikrofon səs sistemi və 16 rabitə cihazı, elektron kürsü quraşdırılıb.

Qeyd olundu ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat zalı 24 saat fasiləsiz fəaliyyət göstərir. Zalda mövcud kamera sistemi ilə hadisə yeri müəyyən olunaraq izlənilir. Əməliyyat zalında elektron xəritədə muxtar respublikanın bütün infrastrukturu haqqında məlumat bazası yerləşdirilib.

Binada mülki müdafiə kursları üçün sinif otaqları yaradılıb. Otaqlar xarici ölkələrdə istehsal olunan radiasiya-axtarış, ölçü, dozimetrik nəzarət və kimya kəşfiyyat cihazları, fərdi və tibbi mühafizə vasitələri ilə təchiz edilib.

Daha sonra Prezident İlham Əliyev nazirliyin həyətində nümayiş etdirilən texnikaya baxdı.

Yeni inzibati mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti