...

Ayətullah Əli Xamneyi: İran sanksiyalara qarşı "vaksinasiya" olunub

Siyasət Materials 11 İyul 2012 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir T.Cəfərov/

32 ildir ki, hegemon dövlətlər İranla düşmənçilik edir və 30 ildir ki, onlar ölkəni sanksiyalara qarşı "vaksinasiya" ediblər. Artıq sanksiyalar İrana ziyan vura bilmir. Trend-in "Mehr" agentliyinə istinadən yaydığı məlumata görə, bunu İranın ali lideri ayətullah Əli Xamneyi çərşənbə günü "İslami oyanış və qadın" beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.

Xamneyi bildirib ki, Qərb ölkələri son günlər İrana qarşı sanksiyaları artırmaq adı ilə hay-küy salıblar, lakin anlamırlar ki, İran xalqı 30 ildir ki, elə onların özləri tərəfindən sanksiyalara qarşı "vaksinasiya" olunub.

Onun sözlərinə görə, İran xalqı 30 ildir ki, canı və malı ilə, əzizlərini qurban verməklə onların məkrli planları və sanksiyaları qarşısında dayanıb və inkişaf edib. "Bugünkü İran 30 il öncəki İranla müqayisədə 100 dəfə güclüdir", - Xamneyi deyib.

Ayətullah bildirib ki, İslami oyanış dalğası davam edərsə, dünyada böyük dəyişikliklərə səbəb ola bilər və sionistlərin və onları dəstəkləyən hegemonların əlini müsəlman xalqlarından üzər.

Xamneyi müsəman qadınların İslami oyanış hərəkatında rolundan danışıb və konfransda iştirak edən xanımları düşmənlərin məhv etməyə çalışdığı müsəlman qadınının həqiqi şəxsiyyətini yaşatmağa və təbliğ etməyə çağırıb.

"İslami oyanış və qadınlar" adlı beynəlxalq konfrans ötən gün Tehranda öz işinə başlayıb. Konfransda dünyanın 85 ölkəsindən 1000-dən çox müxtəlif peşə sahibi olan qadınlar iştirak edir.

Xəbər lenti

Xəbər lenti