Arzu Nağıyev - Trend-in icmalçısı
Ermənistan hakimiyyəti Yerevan üçün 800 milyondan 1 milyard ABŞ dollarına qədər böyük məbləğdə kredit ayrılması üçün Rusiya hökuməti ilə qeyri-rəsmi danışıqlara başlayıb.
Danışıqlar, may ayında Ermənistanda keçirilmiş sonuncu parlament seçkilərindən dərhal sonra Avropa İttifaqının seçkilərin legitimliyindən narazı qalması ilə əlaqədar donor dövlətlərin görüşünün ləğv edilməsi ilə eyni vaxtda başlayıb.
Aİ Ermənistandan 2013-cü ildə prezident seçkilərinin keyfiyyətli keçirilməsini tələb edir və bunun müqabilində maliyyə vəsaiti ayıran donor ölkələrdən müxtəlif birgə proqram və layihələrin həyata keçirilməsi üçün təxminən 1,5 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılması məsələsini qaldıracağını bəyan edir. Eyni zamanda, prezident seçkilərinə qədər parlament seçkiləri zamanı qeyd edilmiş problem və nöqsanlar aradan qaldırılmalıdır. Bundan başqa, şərtlərdən biri də məhkəmə sistemində islahatların aparılması, korrupsiya ilə mübarizənin gücləndirilməsi və ən əsası, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun baza prinsiplərinin həyata keçirilməsi üçün səylərin artırılmasıdır.
Bütün bu şərtlərin yerinə yetirilməsindən çəkinən Ermənistan, Rusiyadan beynəlxalq bazar şəraitindən asılı olaraq dəyişən, hazırda mövcud olan yüksək faiz dərəcələri üzrə ilin sonuna qədər, ən azı, kreditin bir hissəsini almaq üçün çalışır.
Bəs, niyə ilin sonuna qədər? Çünki Ermənistanın indiki vəziyyətində Serj Sarkisyan hətta istefa verməyə və erkən seçkilərə də getməyə hazırdır. Müxalifətin olmaması Sarkisyanın ikinci müddətə prezidentliyi üçün əlverişli bir andır. Payızda seçkiyə getmək soyuq fevraldan daha sərfəlidir. Söhbət təkcə hava şəraitindən deyil, həm də sosial problemlərdən gedir. Hazırda Rusiyadan verilən təbii qazın bir min kubunun qiyməti 60 dollaradək artıb (240 dollar), hökumət ciddi problemlərlə üzləşdiyindən 2013-cü il prezident seçkilərinə qədər daxili bazarda mövcud tarifləri saxlamaq məqsədilə "ArmRosGazprom"dakı səhmlərinin 10 faizini Rusiyanın "Qazprom" şirkətinə vermək məcburiyyətindədir. Bu gün Ermənistanın dövlət borcu ÜDM-in 43%-ni təşkil edir və bu borcun 86%-i, yəni 4 milyard dolları xarici borcdur, əlavə olaraq Rusiyadan da 1 milyard dollar borc alınsa, dövlət borcu ÜDM-in 55%-dən artıq olacaq. Bu, həddən artıq böyük rəqəmdir və ölkə iqtisadiyyatı üçün ciddi problemdir.
Bundan başqa, gündəlik olaraq daxili valyuta devalvasiyaya uğramaqda davam edir, borclar isə xarici valyuta ilə tənzimlənməlidir. Deməli, 2012-ci iln sonuna əhalinin sosial vəziyyəti əhəmiyyətli dərəcədə pisləşəcək, buna görə də xərclər və paralel olaraq borclar da artacaq. Hazırda isə istər kənd təsərrüfatı, istərsə də digər gündəlik tələb olunan məhsulların nisbətən ucuz olan vaxtı sosial problemləri həll etmək nisbətən asan olsa da, ilin sonunda qiymətlərin əhəmiyyətli dərəcədə artması ölkədə sosial gərginlik və qarışıdurmalara gətirib çıxara bilər.
Buna görə də Serj Sarkisyan üçün hazırkı siyasi vəziyyəti əlverişli saymaq olar və yəqin ki, sosial narazılıq zamanını gözləməkdənsə, o, prezident seçkilərini bu müddət ərzində keçirməyə üstünlük verəcək.
Ancaq bir şərtlə - əlbəttə ki, nəzərdə tutulan vəsait əldə edilərsə?!