...

Əmək Nazirliyində «Heydər Əliyev və sosial siyasət» mövzusunda elmi-praktik konfrans keçirilib (FOTO)

Siyasət Materials 17 İyul 2012 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend/

İyulun 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasının 43-cü ildönümü ilə bağlı "Heydər Əliyev və sosial siyasət" mövzusunda elmi-praktik konfrans keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransı giriş söz ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Elnur Kələntərov ümummilli lider Heydər Əliyevin 1969-cu ilin iyulunda Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən sonra respublika həyatının bütün sahələrində tənəzzüldən tərəqqiyə doğru ciddi dönüşə, sürətli inkişafa nail olunduğunu vurğulayaraq, 1969-1982-ci illərdə ölkədə iqtisadiyyatın inkişafı, yeni strateji əhəmiyyətli müəssisələrin yaradılması, sənayenin, kənd təsərrüfatının inkişafı, kadr potensialının formalaşdırılması istiqamətlərində görülən məqsədyönlü işlərdən, onların uğurlu nəticələrindən söz açıb. Bildirilib ki, ulu öndər Heydər Əliyev öz parlaq siyasi zəkası, dövlətçilik bacarığı və uzaqgörənliyi sayəsində hələ həmin illərdə Azərbaycanın gələcək müstəqilliyi üçün vacib potensialın yaradılmasını, eyni zamanda, milli şüurun yüksəlişini təmin etmişdir.

Ulu öndər Heydər Əliyevin ölkənin böyük perspektivlərinə hesablanmış strateji proqramının başlıca məqsədlərindən biri xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi olmuşdur. Bunun əməli ifadəsi olaraq, qeyd olunan dövrdə iqtisadiyyatın tərəqqisi əhalinin rifah halının davamlı olaraq yüksəlməsi müşaiyət olunub. 1993-cü ilin iyununda - ölkənin yenicə əldə etdiyi müstəqilliyin itirilməsi təhlükəsinin reallaşdığı bir vaxtda xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev ölkəni bütün təhlükələrdən xilas edərək, onu böyük inkişaf yoluna çıxarmış, eyni zamanda mühüm sosial müdafiə tədbirlərinin təməlini qoymuşdur.

1993-2003-cü illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial müdafiə sahəsində də konkret və məqsədyönlü işlər görülmüş, ilbəil çevik xarakter alan sosial siyasət kursunun etibarlı əsası qoyulmuşdur. Ulu öndər tərəfindən imzalanan 60-dan artıq sənəd müstəqil ölkədə sosial sahədə inkişafın təmin olunmasına xidmət etmişdir.

Ümummilli liderin müdrik və uzaqgörən siyasi kursu son 8 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilmişdir. Möhtərəm Prezident cənab İlham Əliyevin zamanın çağırışlarına uyğun, yüksək praqmatizmə əsaslanan məqsədyönlü siyasəti sayəsində Azərbaycan dayanıqlı iqtisadi tərəqqi tempinə malik olan, müasir dövlət və rifahlı cəmiyyət quruculuğunun geniş vüsət aldığı, eyni zamanda, sosial dövlət statusunu getdikcə gücləndirən bir ölkəyə çevrilmişdir.

Toplantıda Yeni Azərbaycan Partiyasının Salatın Əsgərova 85 ərazi ilk partiya təşkilatının sədri, nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri İsgəndər Mustafayev tarix yaradan insanların əbədiyaşar ideya və əməlləri ilə əsrlər boyu xalqın yaddaşında yaşadıqlarını qeyd edərək, ulu öndərin dövlətçilik fəlsəfəsindən, onun müasir və daim inkişaf edən müstəqil Azərbaycanın qurulması istiqamətində mühüm tarixi xidmətlərindən danışıb. Tədbirdə digər çıxış edənlər Ulu öndərin xalqa bağlılığından, sosial sahəyə diqqət və qayğısından bəhs ediblər.

Konfrans nazirliyin bir qrup gənc əməkdaşına partiyaya üzvlük vəsiqələrinin təqdim olunması ilə yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti