...

Elmar Məmmədyarov Azərbaycana yeni təyin edilmiş səfirləri qəbul edib (FOTO)

Siyasət Materials 5 Sentyabr 2012 17:57 (UTC +04:00)
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş səfiri Riçard Morninqstarı qəbul edib.
Elmar Məmmədyarov Azərbaycana yeni təyin edilmiş səfirləri qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş səfiri Riçard Morninqstarı qəbul edib.

Nazir Elmar Məmmədyarov Riçard Morninqstarı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Yeni səfirin fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Riçard Morninqstar ölkəmizə səfir kimi təyin olunmağından məmnunluğunu bildirib və Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində faydalı əməkdaşlığın mövcudluğunu məmnunluqla vurğulayaraq, mövcud münasibətlərin inkişafı üçün potensialın olduğunu qeyd edib.

Amerikalı diplomat həmçinin beynəlxalq sülhyaratma əməliyyatlarına Azərbaycanın verdiyi töhfənin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Görüş zamanı Xarici İşlər Naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların cari vəziyyəti haqda məlumat verib və münaqişənin həllinin uzanmasının regionda sülh və sabitliyə zərbə vurduğunu diqqətə çatdırıb. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini diqqətə çatdıran Nazir, işğal olunmuş torpaqlardan Ermənistan hərbi qüvvələrinin çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının zəruriliyini vurğulayıb.

Bununla yanaşı, Nazir Ramil Səfərov məsələsinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan xalqına qarşı törədilmiş etnik təmizləmə siyasəti kontekstində baxılmalı olduğunu bir daha vurğulayıb.

Görüşdə eyni zamanda Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin inkişafı yolları və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin bu gün Məmmədyarov İsrailin ölkəmizə yeni təyin olunmuş səfiri Rafael Harpazı qəbul edib.

Nazir Elmar Məmmədyarov Rafael Harpazı ölkəmizdə salamlamış və səfir təyin olunması münasibətilə onu təbrik etmişdir. Rafael Harpaz Azərbaycanı çox mədəniyyətli və sürətlə inkişaf edən ölkə kimi qiymətləndirib və bu inkişafın onda böyük təəssürat yaratdığını qeyd edib.

Görüşdə Azərbaycanla İsrail arasında münasibətlər müzakirə edilmiş, eləcə də regionda cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında münasibətlərin hazırkı durumundan məmnunluq ifadə ediblər.

Bundan əlavə bu gün Məmmədyarov Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Çoy Suk-İnni qəbul edib.
Nazir Elmar Məmmədyarov Çhoy Suk-İnni ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Yeni səfirin fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə edib.

Görüşdə iki ölkə arasında iqtisadi münasibətlər müzakirə olunmuş və mövcud əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı razılıq ifadə olunub.

Tərəflər iş adamlarının qarşılıqlı səfərlərinin davam etdirilməsinin zəruriliyini xüsusi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti