...

Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri Şəki Xan sarayı ilə tanış olublar (FOTO)

Siyasət Materials 12 Sentyabr 2012 15:23 (UTC +04:00)
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan sentyabrın 12-də Şəki Xan sarayı ilə tanış olublar
Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri Şəki Xan sarayı ilə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan sentyabrın 12-də Şəki Xan sarayı ilə tanış olublar.

Mehriban xanım Əliyevaya və Əminə xanım Ərdoğana gül dəstələri təqdim olundu.
Əvvəlcə Şəki Xan sarayının önündə xatirə şəkli çəkdirildi.

Sarayla tanışlıq zamanı məlumat verildi ki, XVIII əsrə aid olan bu nadir tarixi-memarlıq abidəsi şəhərin yuxarı hissəsində, "Yuxarı baş" Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, "Müştaq" təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, təqribən 1762-ci ildə tikilmişdir. İnşaat texnologiyasına görə Xan sarayının dünyada bənzəri yoxdur. Tikinti zamanı mismar və yapışqandan istifadə olunmamışdır. Hər kvadratmetr şəbəkə bir-birinə geydirilən 5 min hissədən ibarətdir. Saray 1300 metr uzunluğunda qala divarları ilə əhatə olunmuşdur. Üç yüz kvadratmetr ərazisi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan vardır. Sarayda xalq təsviri sənətinin bir çox növləri, xüsusilə XVIII-XIX əsrlərə aid maraqlı divar rəsmləri diqqəti cəlb edir. Bu rəsmlər əsasən həndəsi, nəbati, habelə süjetli və quşların təsviri həkk olunmuş naxışlardan ibarətdir. Sarayın ikinci mərtəbəsinin divarlarında təsvir olunan döyüş və ov səhnələri xüsusilə maraq doğurur. Şəki Xan sarayı indiyədək beş dəfə əsaslı bərpa edilmişdir.

Diqqətə çatdırıldı ki, bu il iyulun 4-də Şəki şəhərində Şərq memarlığının ən nadir incilərindən hesab edilən Xan sarayının 250 illik yubileyi böyük təntənə ilə qeyd olunmuşdur.

Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr etdilər.

Baş nazir Rəcəb Tayyib Ərdoğana və xanımına Xan sarayının 250 illik yubileyi münasibətilə hazırlanmış gümüş sikkələr hədiyyə edildi.

Prezident İlham Əliyevə, xanımına və Baş nazir Rəcəb Tayyib Ərdoğana, xanımına sarayın 250 illik yubileyi münasibətilə nəfis tərtibatda nəşr edilmiş kitablar təqdim olundu.
Dövlətimizin başçısı, xanımı və Türkiyənin Baş naziri, xanımı kitabları imzalayaraq bir-birinə təqdim etdilər.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan Şəkinin qədim sənətkarlıq nümunələrinə baxdılar.

Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri şəkili gənclərlə görüşüb söhbət etdilər. Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan çay süfrəsinə qonaq oldular.

Xəbər lenti

Xəbər lenti