...

Ramiz Mehdiyev: Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur

Siyasət Materials 3 Oktyabr 2012 16:33 (UTC +04:00)
İnamla deyə bilərəm ki, Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur və ola da bilməz. Elşad Abdullayevin deputat seçilməməsi və onun rektoru olduğu Beynəlxalq Universitetin qanuni əsaslarla bağlanması faktı da fikirlərimi bir daha təsdiq edir.
Ramiz Mehdiyev: Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

İnamla deyə bilərəm ki, Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur və ola da bilməz. Elşad Abdullayevin deputat seçilməməsi və onun rektoru olduğu Beynəlxalq Universitetin qanuni əsaslarla bağlanması faktı da fikirlərimi bir daha təsdiq edir. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AzərTAc-ın Elşad Abdullayev məsələsi ilə bağlı sualına münasibət bildirərəkən deyib.

"Hörmətli Ramiz müəllim, mətbuatda və elektron informasiya vasitələrində keçmiş ABU-nun rektoru Elşad Abdullayev və Milli Məclisin deputatı Gülər Əhmədovanın videogörüntüləri ilə bağlı müzakirələr bir neçə gündür ki, gündəmdən düşmür. Elşad Abdullayevin Gülər Əhmədova ilə söhbətində Sizin də adınız hallanır. Bununla bağlı nə deyə bilərsiniz" sualına cavabında Mehdiyev deyib ki, bu məsələ ilə bağlı artıq dövlət rəsmiləri tərəfindən qəti formada kifayət qədər münasibət bildirilib.

"Səsləndirilən fikirlərə yalnız onu əlavə edə bilərəm ki, bəhs olunan görüşdə mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır. Məqsəd də ondan ibarətdir ki, hakimiyyət nümayəndələrini belə çirkin əməllərə bulayıb nüfuzdan salsınlar. Qeyd etməliyəm ki, belə cəhdlər müstəqillik dövründə dəfələrlə olub, lakin əsası olmadığı üçün baş tutmayıb və bu tipli təxribatçılar öz məqsədlərinə nail ola bilməyiblər. Hazırkı olay da heç bir nəticə verməyəcəkdir. O ki qaldı, ortada canfəşanlıq edən dələduzlara, Elşad Abdullayevin və onun kimilərin açdığı bazara - bu, onların öz problemləridir. Belə dələduzlar həmişə olub, bu gün də vardır. Onlar uçun ən inandırıcı yol, əlbəttə ki, vəzifəli insanların adını hallandırmaq və istifadə etməkdir. Belələri gec-tez hər zaman ifşa olunub və qanun qarşısında məsuliyyətə cəlb ediliblər. Bundan sonra da kimliyindən asılı olmayaraq belələrinə heç bir güzəşt olmayacaqdır", - PA rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti