...

Azərbaycan Prezidenti Yevlaxda Kür çayının sahilində “Bulvar” istirahət mərkəzini açıb (FOTO)

Siyasət Materials 7 Oktyabr 2012 19:31 (UTC +04:00)
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərinə səfəri çərçivəsində Kür çayının sahilində salınan “Bulvar” istirahət mərkəzində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuşdur.
Azərbaycan Prezidenti Yevlaxda Kür çayının sahilində “Bulvar” istirahət mərkəzini açıb (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərinə səfəri çərçivəsində Kür çayının sahilində salınan "Bulvar" istirahət mərkəzində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuşdur.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bir neçə il əvvəl şəhərin Kür qırağının abadlaşdırılması, burada yeni bulvarın salınması ilə bağlı icra olunmağa başlanan layihə uğurla davam etdirilir. Bundan əsas məqsəd Kür çayının sahilini turizm zonasına çevirmək, insanların mənalı istirahətinə yardımçı olmaq və şəhərin simasına yeni memarlıq elementi daxil etməkdir.

Bildirildi ki, şəhər əhalisinin istirahətinin səmərəli təşkili məqsədilə Kür çayının Yevlax şəhərinin ərazisindən keçən hissəsinin sağ sahili boyunca salınan "Bulvar" istirahət mərkəzinin uzunluğu 2,5 min metr, ümumi sahəsi 8,2 hektardır. Onun bir hissəsi sahil boyunca, digər hissəsi isə estakadalar üzərində yerləşir. Tikinti işlərinin gedişində istinad divarları tikilmiş, sütunlar inşa olunmuşdur. İstirahət zonasında müxtəlif həcmli 22 fəvvarə, şəlalə, dayaqlar üzərində 86 tağbənd də tikilmişdir. "Bulvar" istirahət mərkəzində müasir işıqlandırma sistemi yaradılmış, uşaqlar üçün attraksionlarla təchiz olunan əyləncə guşəsi qurulmuşdur.

Vurğulandı ki, idmana olan maraq nəzərə alınaraq burada futbol və voleybol meydançaları inşa olunmuş, çimərlik zonası salınmışdır. Hazırda Kür çayının sahilində beşulduzlu otel binasında tikinti işləri davam etdirilir.

Bir sözlə, "Bulvar" istirahət mərkəzində yaradılmış şərait Azərbaycanın hər bir bölgəsində abadlıq və quruculuq işlərinin aparılmasının dövlətin diqqət mərkəzində olduğunu göstərir.

"Bulvar" istirahət mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti burada Yevlax şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti