...

Rektor: Gülər Əhmədova cinayət məsuliyyətinə cəlb olunarsa, onun BDU-dan çıxarılması məsələsi müzakirə ediləcək

Siyasət Materials 10 Oktyabr 2012 14:13 (UTC +04:00)
Sabiq deputat Gülər Əhmədova cinayət məsuliyyətinə cəlb olunarsa, onun Bakı Dövlət Universitetindən çıxarılması məsələsi müzakirə ediləcək.
Rektor: Gülər Əhmədova cinayət məsuliyyətinə cəlb olunarsa, onun BDU-dan çıxarılması məsələsi müzakirə ediləcək

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabiq deputat Gülər Əhmədova cinayət məsuliyyətinə cəlb olunarsa, onun Bakı Dövlət Universitetindən çıxarılması məsələsi müzakirə ediləcək. Bunu çərşənbə günü Trend-ə BDU-nun rektoru, deputat Abel Məhərrəmov deyib.

"Təbii ki, Gülər Əhmədova cinayət məsuliyyətinə cəlb olunmasa, qalıb işləyəcək. Cinayət məsuliyyətinə cəlb olunsa, bu məsələ universitetdə müzakirə olunacaq", - Məhərrəmov bildirib.

Rektorun sözlərinə görə, Gülər Əhmədova BDU-da bir neçə ildir müəllim vəzifəsində yarımştat çalışıb.

"O, bu ilin sentyabr ayında bir neçə dərsdə olub. Mənə verilən məlumata görə, sentyabrın 20-dən sonra dərslərdə iştirak etməyib. Gündəmdə olan məsələdir, müzakirəyə ehtiyacı var. Əgər o, hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunarsa, təbii ki, onda universitet öz qərarını verəcək. İşlədiyi dövrdə onun müəllimlik fəaliyyəti ilə bağlı narazılıqla qarşılaşmamışam", - Məhərrəmov əlavə edib.

Qeyd edək ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti