...

Ramil Usubov İsrailin yeni səfiri ilə görüşüb

Siyasət Materials 11 Oktyabr 2012 17:32 (UTC +04:00)
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 11-də İsrailin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul edib.
Ramil Usubov İsrailin yeni səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 11-də İsrailin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul edib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir yeni təyinat münasibətilə səfiri təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Xalqlarımız arasında əlaqələrin dərin qatlara və qədim tarixə malik olduğu, hər iki ölkə prezidentinin iradəsilə daha da möhkəmləndiyini, iki ölkə arasında imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyi diqqətə çatdırılıb, belə əlaqələrin Daxili İşlər nazirlikləri səviyyəsində də özünü qabarıq şəkildə büruzə verdiyi bildirilib.

Daha sonra nazir DİN-in əsas hüquq və vəzifələri, mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar, əməliyyat şəraitinin nəzarətdə olması barədə məlumat verib.

Demokratikləşmə və islahatlar prosesinin DİN-dən də yan keçmədiyindən söz açan general-polkovnik Ramil Usubov ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğunu, qanunların icrasına böyük önəm verildiyini diqqətə çatdırıb.

Usubov 4 il öncə İsrailə səfəri zamanı orada keçirdiyi görüşləri, hər iki dövlətin daxili işlər orqanları arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinin ətraflı müzakirə olunduğunu, eləcə də dünya ictimaiyyətini narahat edən transmilli mütəşəkkil cinayətkarlığın təzahürləri, o cümlədən terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyaya qarşı birgə mübarizənin zəruriliyi barədə faydalı fikir mübadiləsi apardıqlarını məmnunluqla xatırladıb.

Nazir İsrailin hüquq-mühafizə orqanlarının təcrübəsinin də öyrənilməsinin vacib olduğunu qeyd edib.

Səfir diplomatik fəaliyyəti ilə əlaqədar bir çox ölkələrdə çalışdığını, lakin ictimai asayişin, sabitliyin yüksək səviyyədə təmini baxımından Azərbaycanın bu gün dünyanın ən təhlükəsiz dövlətlərindən biri olduğunu nəzərə çatdıraraq, paytaxtın simasında ölkəmizin sürətli inkişafından, geniş quruculuq və abadlıq işlərinin aparılmasından məmnunluğunu bildirib.

O, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti