...

İslamabadda Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 20 illiyi qeyd olunub (FOTO)

Siyasət Materials 15 Oktyabr 2012 17:24 (UTC +04:00)
İslamabadda Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 21-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
İslamabadda Azərbaycan-Pakistan diplomatik    münasibətlərinin qurulmasının 20 illiyi qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

İslamabadda Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 21-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Pakistan Senatının sədri Səid Nəyyar Buxari, Senat sədrinin müavini Sabir Bəluç, Milli Assambleyanın sədr müavini Feysəl Kərim Kundi, Baş nazirin müşaviri Tarik Malik, informasiya və yayım naziri Kamar Zaman Kaira, ticarət naziri senator Abbas Xan Afridi, kommersiya naziri İnayətullah İlahi, özəlləşdirmə naziri Seyid Həsən Mandoxel, Senatın Xarici əlaqələr komitəsinin sədri senator Hacı Adfil, müdafiə komitəsinin sədri senator Müşahid Hüseyn, İnformasiya və yayım komitəsinin sədri senator Hacı Qulam Əli, hakim Xalq Partiyasinın baş katibi senator Cahangir Bader, Milli Assmableyanın komitə sədri Humayun Seyfulla, İslamabad şəhər İcra Hakimiyyətinin başçısı Tarik Pirzada, Khayber-Paxtunxva əyalətinin qubernatoru Səid Məsud Kosar, xarici işlər nazirinin muavini Əbdül Həmid, Milli Assambleyanın sabiq sədri, keçmiş xarici işlər naziri Qohar Ayyub Xan, senatorlar, Milli Assambleyanın deputatları, Pakistan ordusunun generalları və digər yüksək rütbəli zabitləri, Xarici İşlər Nazirliyinin yüksək rəsmiləri, digər dövlət və hökumət adamları, tanınmış ziyalılar, jurnalistlər, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar və Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirin keçirildiyi salon Azərbaycan və Pakistan bayraqları, ümummilli lider Heydər Əliyev və Pakistan dövlətinin banisi Məhəmməd Əli Cinnahin, habelə Azərbaycanın Prezidenti İlham Əliyev və Pakistanın Prezidenti Asif Əli Zərdarinin portretləri ilə bəzədilib, salonun müxtəlif yerlərində ölkəmizin gözəlliyinə və iki ölkə arasında qarşılıqlı səfərlərinə həsr olunmuş fotostendlər yerləşdirilib, müstəqil Azərbaycanın yaranması və inkişafı haqqında, həmçinin Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirtilən layihələri əks etdirən videoçarx nümayiş etdirilib, ölkəmizin milli musiqi nümunələri səsləndirilib. Tədbir zamanı Pakistanın Pəncab əyalətinin məşhur "Aamir Xan" vokal-instrumental qrupu ölkənin məşhur folklor mahnılarını ifa ediblər.

Tədbir iştirakçılarını salamlayan Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən - siyasi, iqtisadi, humanitar, hərbi və mədəni münasibətlərdən danışıb, ölkələrimizin taleyüklü məsələlərdə eyni mövqedən çıxış etdiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi məsələsində ölkəmizi birmənalı dəstəklədiyi və apardığı işğalçı siyasətinə görə Ermənistanı bir ölkə kimi tanımadığına görə Pakistan hökuməti və xalqına öz dərin minnətdarlığını bildirib. Səfir cari ilin 1 fevral tarixində Pakistan Senatının Xocalı soyqırımını tanıyan və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən qətnaməni qəbul etdiyini qeyd edərək, bunun Azərbaycan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb. Şikarov ölkəmizdə gedən islahatlar, daxili və xarici siyasətdə əldə etdiyimiz uğurlardan, neft strategiyası və Azərbaycanın xarici ölkələrdə icra etdiyi investisiya layihələrindən bəhs edib.

Tədbirə ali qonaq qismində qatılan Pakistan Senatının sədri Seyid Nəyyar Buxari Pakistan və Azərbaycan xalqları arasında qədim tarixə söykənən dostluq və qardaşlıq münasibətlərindən danışıb, bu əlaqələrin Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra yeni mərhələyə daxil olduğunu vurğulayıb. Qeyd edilib ki, 20 il ərzində iki ölkə arasında münasibətlər bütün istiqamətlərdə dinamik inkişaf edib, bu dövrdə ölkə rəhbərlərinin və digər dövlət rəsmilərinin qarşılıqlı səfərləri nəticəsində əlaqələrin hüquqi-normativ bazasını təşkil edən çoxsaylı sazişlər imzalanıb. Daha sonra Senatın sədri qardaş xalqlarımız arasında mədəni, sosial və humanitar sahələrdə əməkdaşlığın məqamlarından danışıb.

Buxari ölkəsinin Azərbaycanı Dağlığ-Qarabağ məsələsində tam dəstəklədiklərini, 01.02.2012-ci il tarixində Senat tərəfindən Xocalı soyqırımı haqqında qətnamənin qəbul edildiyini vurğulayaraq, Ermənistanın işğalçı siyasətini pisləyib. O, 2005, 2010 və 2011-ci illərdə baş vermiş təbii fəlakətlər zamanı Azərbaycanın birincilər sırasında Pakistana yardım əlini uzatdığını bildirib, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi irimiqyaslı tədbirlər planını xüsusi qeyd edib.

Urdu dilində nəşr edilmiş "Azərbaycan - Odlar Yurdu", "Heydər Əliyev - müstəqil Azərbaycanın qurucusu" adlı kitablar, "The Diplomatic Insight" və "Diplomatic Star" jurnallarının xüsusi buraxılışlarının nüsxələri tədbir iştirakçılarına paylanılıb. Həmin nəşrlərdə Azərbaycan Prezidentinin Pakistan Prezidentinə və Pakistan Baş nazirinin azərbaycanlı həmkarına diplomatik münasibətlərin qurulmasının 20 illik yubileyi ilə əlaqədar ünvanlanmış müraciətləri, Azərbaycan-Pakistan münasibətlərinin xronologiyası, Azərbaycan Prezidenti və onun müstəqil Azərbaycanın inkişafı yolunda həyata keçirdiyi islahatlar, Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycanın müstəqil dövlətçilik tarixi, siyasəti, mədəniyyəti, turizmi və iqtisadiyyatı ətraflı təsvir olunub.

Azərbaycan-Pakistan diplomatik münasibətlərin qurulmasının 20 illiyi və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 21-ci ildönümü münasibətilə keçirilmiş tədbir Pakistanın PTV, ARY News, CNBC, Dünya TV və digər yerli kanalları, habelə "DNA" xəbər agentliyi, "Daily Times", "The Nation", "Jang", "Nawa-i Waqt", "Pakistan Observer" qəzetləri tərəfindən geniş işıqlandırılıb, mərasim barədə sujet və materiallar nümayiş etdirilib.

Materiallarda qəbulda iştirak edən qonaqlar, Azərbaycan-Pakistan münasibətləri barədə xəbərlər, habelə əsas qonaq - Senat sədri və Azərbaycanın Pakistandakı səfirinin nitqlərindən sitatlar öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti