Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir S.Əliyev/
Qırğızıstan İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) iqtisadi əlaqələrin səviyyəsinin yüksəldilməsini təklif edir.
"İƏT öz fəaliyyəti ərzində mütəmadi olaraq regional ticari-iqtisadi potensialı artırıb. İƏT çərçivəsində yaradılmış ixtisaslaşdırılmış şəbəkələr və institutlar quruma üzv ölkələrin iqtisadi fəallığı üzrə problemlərin həllinə yönəldilib. Qeyd etmək lazımdır ki, təşkilat çərçivəsində iqtisadi münasibətlərin inkişaf səviyyəsi bizim ölkələrimizin potensialına tam uyğun deyil. Ticarət münasibətlərinin liberallaşdırılması üçün daha sıx iş görmək lazımdır ki, bu da mal və xidmətlərin azad yerdəyişməsinə, ölkələrin sərhədlərində inzibati maneələrin aradan qaldırılmasına imkan yaradardı", - Trend-in məlumatına görə, çərşənbə axşamı Bakıda Qırğızıstanın xarici işlər naziri Yerlan Abdildayev İƏT sammitində deyib.
Onun sözlərinə görə, nəqliyyat və energetika infrastrukturunun yaradılması və diversifikasiyası təşkilat çərçivəsində əhəmiyyətli əməkdaşlığı təşkil edən başlanğıc məsələdir. Bu, qarşılıqlı fəaliyyətin bütün sahələri üzrə effektiv regional və regionlararası əməkdaşlıq üçün vacib şərtdir.
XİN rəhbərinin sözlərinə görə, Qırğızıstan dənizə çıxışa malik olmayan ölkə kimi "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin inkişafında aktiv iştirakçı olmağa hazırdır.
"Biz Mərkəzi Asiya ölkələri vasitəsilə Çindən Avropaya qədər yeni nəqliyyat dəhlizlərinin tikintisi və fəaliyyətdə olanların yenidən qurulmasını alqışlayırıq. Bu planda Çin-Qırğızıstan-Özbəkistan dəmiryolunun, eləcə də Çin-Qırğızıstan-Tacikistan-Əfqanıstan-İran-Türkiyə yolunun tikintisi aktual və iqtisadi cəhətdən əsaslandırılmış görünür", - Abdildayev deyib.