Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Venesiya Komissiyası rəsmi Bakının "Dini etiqad azadlığı haqqında" qanunla bağlı izahatını qəbul edib.
"Venesiya Komissiyası bəzi deputatların təşəbbüsü ilə Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanunun Avropa standartlarına cavab vermədiyi, dini fəaliyyəti məhdudlaşdırdığı, müəyyən dini icmalara problem yaratdığı barədə rəy verib. Əlbəttə, Azərbaycan hakimiyyəti olaraq biz dərhal buna reaksiya verdik. Əvvəla, Venesiya Komissiyasının hansı qanun layihəsi əsasında bu rəyə gəldiyini araşdırdıq və bəlli oldu ki, qeyri-rəsmi şəkildə tərcümə olunmuş qanun layihəsi əsasında rəy formalaşdırılıb", - bunu çərşənbə günü Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
PA rəsmisinin sözlərinə görə, bu qanun layihəsinin bəzi terminalogiyaları, bəzi tərcümə xətaları Venesiya Komissiyasının bir sıra üzvlərində belə fikir yaradıb ki, bu qanun Avropa standartlarına cavab vermir.
"Əlbəttə, Prezident Administrasiyası dərhal buna reaksiya verərək, bu qanunun əsl layihəsi və ordakı bütün maddələr, onların təsviri, dəqiq tətbiqetmə mexanizmləri barədə tam obyektiv olan rəsmi tərcümə onlara göndərildi. Artıq Venesiya Komissiyası Azərbaycan hakimiyyətinin bu izahatını qəbul edib. Düşünürəm ki, Venesiya Komissiyası Azərbaycanda qəbul olunmuş "Dini fəaliyyət haqqında" qanunun Avropa standartlarına tam cavab verdiyi fikrindədir", - Həsənov əlavə edib.
Onun sözlərinə görə, əgər gələcəkdə də belə fikir ayrılığı olacaqsa, Azərbaycan müvafiq olaraq Venesiya Komissiyasına və Avropa Şurasının digər institutlarına lazımi izahatlar verməyə hazırdır.
Venesiya Komissiyası rəsmi Bakının "Dini etiqad azadlığı haqqında" qanunla bağlı izahatını qəbul edib
Venesiya Komissiyası rəsmi Bakının "Dini etiqad azadlığı haqqında" qanunla bağlı izahatını qəbul edib.