...

Prezident İlham Əliyev: Dövlət siyasətinin icrası nəticəsində sahibkarlar üçün yeni imkanlar yaranır (FOTO)

Siyasət Materials 30 Oktyabr 2012 16:11 (UTC +04:00)
Həm Bakıda, həm bölgələrdə sahibkarlarla görüşlərim mütəmadi xarakter daşıyır. Bugünkü görüş də bölgənin sahibkarları ilə keçirilir. Əminəm ki, müzakirə ediləcək məsələlər bu bölgənin biznes mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək və biz istədiyimizə nail olacağıq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Beyləqanda Aran və Yuxarı Qarabağ bölgələrində fəaliyyət göstərən sahibkarlarla görüşündə giriş nitqi zamanı deyib
Prezident İlham Əliyev: Dövlət siyasətinin icrası nəticəsində sahibkarlar üçün yeni imkanlar yaranır (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Həm Bakıda, həm bölgələrdə sahibkarlarla görüşlərim mütəmadi xarakter daşıyır. Bugünkü görüş də bölgənin sahibkarları ilə keçirilir. Əminəm ki, müzakirə ediləcək məsələlər bu bölgənin biznes mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək və biz istədiyimizə nail olacağıq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Beyləqanda Aran və Yuxarı Qarabağ bölgələrində fəaliyyət göstərən sahibkarlarla görüşündə giriş nitqi zamanı deyib.

"Son illərdə Azərbaycanın regionlarında böyük quruculuq işləri aparılır. İki Dövlət proqramı qəbul edilmişdir. 2004-2008-ci illəri və 2009-2013-cü illəri əhatə edən Dövlət proqramları uğurla icra edilir. Böyük həcmdə investisiyalar qoyulmuşdur və bu proses davam etdirilir. 2004-cü ildən bu günə qədər 90 milyard dollardan çox vəsait qoyulmuşdur. Təkcə bu ilin doqquz ayında bu məbləğ 16 milyard dollara çatmışdır. Bu, çox böyük rəqəmdir. Nəzərə alsaq ki, son illər ərzində hər il təxminən eyni məbləğdə investisiya qoyulur, təsəvvür etmək çətin deyil ki, bu, nə qədər böyük əhəmiyyətə malik olan məsələdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı hesab edirəm ki, son illər ərzində ölkəmizi hərtərəfli inkişaf etdirən əsas alət olmuşdur. Bu proqram qəbul olunanda hədəflər də müəyyən edilmişdi və hədəflər müxtəlif istiqamətləri əhatə edirdi. Ancaq bir sözlə demək mümkündür ki, əsas hədəf ölkə iqtisadiyyatını şaxələndirmək idi və neft-qaz amilindən asılılığı azaltmaq məqsədləri daşıyırdı. Hesab edirəm ki, biz bu hədəflərə çatmışıq, bütün bölgələrdə quruculuq, abadlıq, infrastruktur işləri aparılır. Bölgələrlə şəhərlər arasında, yəni paytaxt arasında fərq azalır. Bu gözəl nəticələri biz gündəlik həyatda, statistik göstəricilərdə də müşahidə edirik" İlham Əliyev deyib.

Prezident bildirib ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 900 milyon manatdan çox vəsait ayrılmışdır.

"Təkcə bu il bu məbləğ 200 milyon manatdır. Gələn il 300 milyon manat olacaqdır. Bu, bölgələrin inkişafına verilən ən böyük töhfələrdən biridir. Çünki hər bir layihə ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir. Hər bir layihə iqtisadiyyatımızın real sektoruna qoyulan investisiyalardır. Bu investisiyaların mahiyyəti ondan ibarətdir ki, investisiyalar ilk növbədə dövlət siyasətinə uyğun şəkildə qoyulur, digər tərəfdən dövlətlə özəl sektor arasında yeni, çox sağlam münasibətlər formalaşır. Çünki Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə həyata keçirilən layihələrin demək olar ki, hamısı həm dövlətin, həm özəl sektorun kapitalı hesabına həyata keçirilir. Verilən güzəştli kreditlər və eyni zamanda, sahibkarların öz vəsaiti artıq bu tərəfdaşlığı möhkəmləndirir.
Hesab edirəm ki, bizim təcrübəmiz dünya miqyasında çox dəyərlidir, çox uğurludur. Bu təcrübə onu göstərir ki, dövlətlə özəl sektor arasında birlik var və mən dəfələrlə qeyd etmişəm, bir daha demək istəyirəm ki, ölkənin gələcək inkişafı sahibkarlığın uğurlu inkişafından asılı olacaqdır. Əlbəttə, bizim böyük enerji resurslarımız vardır və biz bu resurslardan səmərəli şəkildə istifadə edirik. Yenə də deyə bilərəm ki, dünya miqyasında ən səmərəli üsul və yanaşma məhz Azərbaycandadır. Bizim təcrübəmiz öyrənilir. Xarici tərəfdaşlarla enerji sahəsində əməkdaşlığımız nümunəvi xarakter daşıyır. Çünki bir tərəfdən biz investorların investisiyalarını lazımi şəraitdə, lazımi səviyyədə qoruyuruq. Digər tərəfdən, dövlət maraqlarını maksimum dərəcədə müdafiə edirik. Bu sahədə əldə edilmiş təcrübə əlbəttə ki, başqa sahələrdə də tətbiq edilir. Son illər ərzində Azərbaycanda qoyulan böyük həcmdə xarici sərmayələr daxili biznes mühitini də böyük dərəcədə yaxşılaşdırmışdır" Prezident çıxışında bildirib.

İlham Əliyev qeyd edib ki, xarici sərmayələr nəticəsində icra edilən kontraktlarda iştirak etmiş şirkətlər gücləndi, böyüdü, öz vəsaitini əldə etdilər və öz növbəsində ölkəmizin qeyri-neft sektorunun inkişafına maliyyə dəstəyini göstərmiş oldular.

"Yəni, bu, vacib məsələlərdən biridir və gələcəkdə vacib məsələ kimi qalacaqdır. Ancaq bununla bərabər, qeyri-neft sektorunun inkişafı bizim üçün prioritetdir və regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbul olunması və icra edilməsi məhz bu məqsədi daşıyır. Deyə bilərəm ki, bu ilin statistik göstəriciləri bir daha nümayiş etdirir ki, biz bu sahədə böyük uğurlara nail ola bilmişik. Doqquz ayda qeyri-neft sektorumuz 10 faizdən çox artmışdır. Qeyri-neft sənayemiz 7 faizdən çox artmışdır. Beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi prosesi davam etdirilir" dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, kreditlərin verilməsi və dövlət tərəfindən layihələrin icrasına nəzarətin gücləndirilməsi öz müsbət rolunu oynayır.

"Eyni zamanda, İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış müxtəlif layihələr üzrə biznes planlar əlbəttə ki, sahibkarların işini də asanlaşdırır. Çünki sahibkarlıqla məşğul olmaq üçün təkcə ilkin kapital kifayət etməz. Eyni zamanda, düşünülmüş, sınaqdan keçmiş və beynəlxalq təcrübəyə əsaslanan biznes plan da lazımdır. Dövlətimiz bu sahədə sahibkarlara öz yardımını əsirgəmir. Həm güzəştli kreditlər, eyni zamanda, müxtəlif layihələrin uğurla icra edilməsi üçün tövsiyələrini verir, inkişaf etdiriləcək istiqamətləri müəyyən edir. Eyni zamanda, sahibkarlara göstərilən dövlət dəstəyi və Prezident tərəfindən göstərilən dəstək əlbəttə ki, sahibkarları həm ruhlandırır, həm də onlar üçün yeni gözəl şərait yaradır.
Onu da qeyd etmək istəyirəm ki, bölgə sahibkarlarının uğurlu fəaliyyəti üçün yerli icra orqanlarına da mütəmadi qaydada göstərişlər verilir ki, sahibkarların fəaliyyətini dəstəkləsinlər, onların fəaliyyətini gücləndirsinlər və onlar üçün bütün lazımi şəraiti yaratsınlar. Çünki bir daha demək istəyirəm ki, ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır.
Biz gələcək illər üçün yeni proqramlar hazırlayırıq. Bu da təbiidir. Çünki həyat yerində durmur. Deyə bilərəm ki, 2004-2013-cü illəri əhatə edən iki Dövlət Proqramının uğurlu icrası nəticəsində bölgələrdə mövcud olan əsas infrastruktur layihələri başa çatacaqdır. Bu layihələrin böyük əksəriyyəti artıq başa çatmışdır. Əvvəlki illərdə müxtəlif sahələr üzrə mövcud olan problemlər artıq yoxdur. Bu problemlər artıq aradan qaldırılıb. Vaxtilə elektrik enerjisi ilə təchizat narahatlıq yaradırdı. Artıq bu problem aradan qaldırılmışdır və beləliklə sahibkarların fəaliyyəti, yeni müəssisələrin yaradılması üçün gözəl şərait vardır" Prezident bildirib.

İlham Əliyev vurğulayıb ki, yollarla bağlı problemlər öz həllini tapmaqdadır. Bütün magistral yollarda əsaslı təmir işləri davam etdirilir, yaxud da ki, başa çatmışdır.

"Şəhərlərarası yollar təmir edilir. Biz indi kənd yollarının tikintisinə ciddi şəkildə başlamışıq. Gələn illər ərzində bu proses davam etdiriləcəkdir.
Qazlaşdırma ilə bağlı məsələlər, kənd təsərrüfatı texnikasının çatışmazlığı sahibkarlığı əngəlləyən ən böyük məsələ idi. Vaxtilə "Aqrolizinq", "Aqroservis" dövlət şirkətlərinin yaradılması bu istiqamətdə atılan çox önəmli addım idi. Dövlət öz tərəfindən texnikanı alır və lizinq şərtləri ilə sahibkarlara icarəyə verir. Yəni, bu problemi də dövlət öz üzərinə götürmüşdür. Eyni zamanda, kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlar torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar və onlara lazımi səviyyədə subsidiyalar verilir - həm yanacaq, həm gübrə, güzəştli kreditlər. Dövlət dəstəyi, infrastruktur layihələrinin dövlət tərəfindən icra edilməsi prosesi bu gözəl şəraiti yaradır. Sahibkarlar da öz növbəsində bu imkanlardan səmərəli şəkildə istifadə etməlidirlər. Onların biznes fəaliyyəti genişləndirilməlidir. İlk növbədə, bu, onların özlərinə lazımdır. Eyni zamanda, dövlətə, xalqa lazımdır. Çünki son illər ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində ölkəmizdə bir milyon yüz min yeni iş yeri açılmışdır ki, onların mütləq əksəriyyəti bölgələrdə açılan iş yerləridir" Prezident giriş nitqində deyib.

Dövlət başçısının sözlərinə görə, beləliklə, işsizlik probleminin aradan qaldırılması istiqamətində çox böyük addım atılmışdır.

"Bu gün Azərbaycanda işsizlərin sayı 5,3 faizdir. Dünya miqyasında bu, ən aşağı göstəricilərdən biridir. İnkişaf etmiş ölkələrin bəzilərində işsizliyin səviyyəsi 25 faizə çatmışdır. İşsizlik kimi böyük bəlanı aradan qaldırmaq, insanlara yeni şərait yaratmaq, yəni, işlə təmin etmək siyasəti deyə bilərəm ki, uğurla nəticələndi. İşsizliyin aradan qaldırılması bilavasitə yoxsulluğun azaldılmasına da xidmət göstərir. Bu sahədə də deyə bilərəm ki, tarixi nailiyyətlər əldə edilibdir. On ildən az bir müddətdə yoxsulluğun səviyyəsi 5 dəfə aşağı düşmüşdür, hazırda 7 faizdən bir qədər çoxdur. Əminəm ki, görüləcək tədbirlər nəticəsində biz yoxsulluq kimi böyük bəlanı ümumiyyətlə aradan götürəcəyik. İşləmək istəyən hər bir insan işlə təmin edilməlidir. Əlbəttə, yeni iş yerlərinin açılması bundan sonra yalnız sahibkarlığın inkişafı hesabına mümkün olacaqdır. Çünki dövlət qurumlarında artıq bütün struktur islahatları demək olar ki, başa çatmışdır və dövlət sahəsində yeni iş yerlərinin açılması o qədər də geniş vüsət ala bilməz, buna ehtiyac da yoxdur. Yəni, əsas iş yerləri özəl sektorda yaranacaqdır.
Nəzərə almalıyıq ki, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir. Bəzi başqa ölkələrdən fərqli olaraq, əhalimizin sayı artır, bu da çox müsbət haldır. Daha da sürətlə artmalıdır. Bu, öz növbəsində onu göstərir ki, gələcəkdə iş yerlərinin açılması prosesi davam etdirilməlidir. Yenə də deyirəm, dövlət bu istiqamətdə öz səylərini göstərəcəkdir. Gələcəkdə sahibkarların fəaliyyəti üçün bütün lazımi tədbirlər görüləcəkdir. Bayaq qeyd etdiyim kimi, gələn il Sahibkarlığa Dəstək Fondunun xətti ilə 300 milyon manat kreditin verilməsi rekord həddir. Bu günə qədər heç vaxt bu məbləğdə vəsait ayrılmamışdır. Hesab edirəm ki, növbəti bir neçə il ərzində biz bu xətti saxlamalıyıq ki, 4-5 ildən sonra artıq verilən kreditlərin qaytarılması hesabına yeni sahibkarlara yeni kreditlərin verilməsi mümkün olsun.
Sahibkarlığın inkişafı həm bölgələrdə, həm şəhərlərdə gedir. Ölkəmizin sənaye potensialının gücləndirilməsi sahəsində böyük işlər görülür, böyük planlarımız vardır. Artıq bu planlar həyata keçirilir. Yeni texnologiya parklarının yaradılması, yeni stimullaşdırma tədbirlərinin görülməsi prosesi başlamışdır. Yaxın gələcəkdə ölkə sənayesinin uğurlu və sürətli inkişafını daha da gücləndirmək üçün yeni stimullaşdırıcı tədbirlər nəzərdə tutulubdur. Yaxın gələcəkdə ictimaiyyət bu məsələlərlə bağlı məlumat əldə edəcəkdir. Biz sözlə, demək istəyirəm ki, sahibkarlığın inkişafı dövlət siyasətidir və dövlət siyasəti kimi qalacaqdır" İlham Əliyev deyib.

Prezident bildirib ki, sahibkarlar üçün Azərbaycanda analoqu olmayan şərait yaradılmışdır.

"Həm dövlət dəstəyi, maliyyə dəstəyi, texniki və intellektual dəstək göstərilir. Sahibkarlar da sadəcə olaraq, bir daha demək istəyirəm ki, bu imkanlardan səmərəli şəkildə istifadə etməlidirlər.
Kənd təsərrüfatı ilə bağlı qarşımızda duran, sahibkarların qarşısında duran əsas məsələ ərzaq təhlükəsizliyimizi tam şəkildə daxili resurslar hesabına təmin etməkdir. Mən bu hədəfi bir neçə il əvvəl qarşıya qoymuşdum. O vaxt özümüzü təminetmə əmsalı çox aşağı səviyyədə idi. Ancaq biz həmişə qarşımıza böyük hədəflər, məqsədlər qoyuruq. Çünki uğura nail olmaq üçün başqa cür imkan olmayacaqdır.
Bir neçə il bundan əvvəl məsələ qoyuldu ki, biz ərzaq təhlükəsizliyimizi daxili imkanlarımız hesabına təmin etməliyik. Deyə bilərəm ki, bu istiqamətlər üzrə böyük uğurlu yol keçmişik. Demək olar ki, hazırda əsas ərzaq məhsulları Azərbaycanda 100 faiz istehsal olunur. O məhsullar ki, hələ idxalla bağlıdır, yəni, idxaldan asılılığımız var, əminəm ki, yaxın gələcəkdə bu asılılıq da aradan qaldırılacaqdır, xüsusilə taxılçılıq sahəsində.
Bildiyiniz kimi, ilkin böyük fermer təsərrüfatlarının yaradılması layihələri bu bölgədə həyata keçirilir. Ağcabədi və Beyləqan rayonlarında iri fermer taxılçılıq təsərrüfatları fəaliyyətə başlamışdır. Biz bu layihələrə böyük ümidlərlə yanaşırıq. Çünki bu layihələr pilot layihələrdir. Baxmayaraq ki, bu layihələr 5 min hektarı əhatə edir, böyük layihələrdir, ancaq birinci təcrübədir. Bu təcrübənin uğurlu nəticələri, əlbəttə, hesab edirəm ki, bu istiqamətdə atılacaq yeni addımlara gətirib çıxaracaqdır. Mən əminəm ki, təcrübə uğurlu olacaqdır. Gələn il biz bu təcrübənin ilkin nəticələrini görəcəyik. Həm məhsuldarlıq böyük dərəcədə artmalıdır, bəlkə də orta məhsuldarlıqdan iki dəfə çox olmalıdır. Eyni zamanda, yeni əkin sahələrinin dövriyyəyə buraxılması da ərzaq təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayacaqdır" Prezident qeyd edib.

İlham Əliyev bildirib ki, dövlət siyasətinin icrası nəticəsində sahibkarlar üçün yeni imkanlar yaranır.

"Bu imkanları dövlət yaradır, dövlət siyasəti yaradır. Bu seçilmiş istiqamətlər üzrə dövlət bütün səylərini səfərbər edir. Böyük fermer təsərrüfatlarının yaradılması üçün texnika, suvarma sistemi, gübrələr, güzəştli şərtlərlə verilən kreditlər lazımdır. Bütün bunları dövlət öz üzərinə götürür. Yəni, bir daha demək istəyirəm ki, Azərbaycanda sahibkarlar üçün yaradılan şəraiti heç bir başqa ölkədə görmək mümkün deyildir. Sahibkarlar da birinci növbədə bundan istifadə etməlidirlər, bunu qiymətləndirməlidirlər. Eyni zamanda, sahibkarlar sosial məsuliyyəti də dərk etməlidirlər və hiss etməlidirlər.
Mən çox şadam ki, sahibkarlarımız bölgələrdə müxtəlif sosial layihələrdə iştirak edirlər. Bəziləri məktəb tikintisi, bəziləri məktəb təmiri, bəziləri isə digər xeyriyyə işləri ilə məşğuldurlar. Mən bunu alqışlayıram. Hesab edirəm ki, dövlət tərəfindən sahibkarlara verilən güzəştlər, maliyyə dəstəyi və yaradılan şərait onların bu işlərdə daha da fəal olmalarını təmin edəcəkdir. Bu gün isə biz bu bölgənin müxtəlif layihələri haqqında danışacağıq" Prezident giriş nitqində deyib.

XXX

"Biz bu yaxınlarda Nazirlər Kabinetinin toplantısında ölkəmizin 9 aylıq sosial-iqtisadi inkişafının yekunlarını müzakirə etmişik. Bir daha deyə bilərəm ki, bu yekunlar çox gözəldir, ümidvericidir və əslində gördüyümüz işləri tamamilə əks etdirir. Çünki hər bir statistik göstəricinin arxasında görülən işlər və düşünülmüş siyasət dayanır" İlham Əliyev yekun nitqində bildirib.

Prezidentin sözlərinə görə, təsadüfi deyil ki, son illərdə, xüsusilə son iki il ərzində qeyri-neft sektoru daha da sürətlə inkişaf etməyə başlamışdır. Bu, təsadüfi deyil, təbiidir. Çünki qeyri-neft sektorunun inkişafı üçün müəyyən qədər vaxt lazım idi.

"Biz 2004-cü ildə birinci regional proqramı qəbul etdikdə məhz bu reallıqları nəzərə alırdıq və bilirdik ki, niyyətimizi ifadə etmək, konkret layihələrə çevirmək üçün vaxt lazımdır. Biz çox fəal işləmişik və düşünülmüş iqtisadi islahatlar artıq öz gözəl nəticələrini verməkdədir.
Biz indi ərzaq təhlükəsizliyi məsələlərini uğurla həll edirik. Baxmayaraq ki, heç bir dövrdə Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edə bilmirdi. Sovet dövründə vahid xalq təsərrüfatı kompleksi mövcud idi və Azərbaycan əsas ərzaq məhsullarını başqa respublikalardan idxal edirdi. Biz üzüm, pambıq, meyvə, tərəvəz məhsullarını ixrac edirdik. Ancaq ət, yağ, süd, quş əti, buğda - bütün bu məhsulları başqa respublikalardan gətirirdik. Bugünkü vəziyyət onu göstərir ki, biz özümüzü əsas ərzaq məhsulları ilə ya tam şəkildə təmin etmişik, ya da ki, bu məqsədə böyük dərəcədə yaxınlaşmışıq. Ətlə bağlı məsələlər öz həllini tapmışdır və biz özümüzü ətlə təxminən 100 faiz səviyyəsində təmin edirik. Gələcəkdə heyvandarlığın inkişafı nəticəsində bizdə ixrac imkanı da yaranacaqdır.
Biz ixrac haqqında da geniş mənada fikirləşməliyik. Biz ənənəvi ixrac məhsullarının həcmini artırmaqla, eyni zamanda, əvvəlki illərdə idxal edilən malların gələcəkdə ixracı haqqında düşünürük və bu barədə müvafiq göstərişlər verilmişdir. Artıq burada deyildi, biz yaxın illərdə özümüzü quş əti ilə tam şəkildə təmin edəcəyik. Bu da düşünülmüş siyasət nəticəsində mümkün olmuşdur. Çünki biz statistik göstəriciləri təhlil edərkən görürdük ki, özümüzü quş əti ilə heç də yarıya qədər təmin edə bilmirik. Bu məqsədlə sahibkarlığın inkişafı üçün kreditlərin verilməsi məhz bu istiqamətə yönəlmişdir. Hazırda icra olunan və gələcəkdə icra ediləcək layihələr bu imkanı bizə yaradacaqdır. Yəni, biz özümüzü yüz faiz quş əti ilə təmin edəcəyik.
Biz heç vaxt özümüzü süd və süd məmulatları ilə təmin edə bilməmişdik. Bu gün də özümüzü təqribən 70 faiz səviyyəsində təmin edirik. Ancaq əminəm ki, 1-2 ilə biz özümüzü bu məhsul üzrə də yüz faiz təmin edəcəyik" dövlət başçısı deyib.

Prezident xatırladıb ki, bir neçə ildir ki, Azərbaycana cins mal-qara gətirilir. Bu da dövlət təşəbbüsü idi. Buna böyük ehtiyac var idi.

"Artıq bir neçə ildir ki, cins mal-qara gətirilir və beləliklə, bu, südçülüyün və heyvandarlığın inkişafı üçün böyük bir dəstək olacaqdır. Mən çox şadam ki, dövlət tərəfindən göstərilən təşəbbüsə sahibkarlar da qoşulmuşlar. Artıq bir neçə yerdə, bir neçə rayonda sırf sahibkarların öz vəsaiti hesabına böyük fermalar, heyvandarlıq kompleksləri tikilir və bu proses geniş vüsət almışdır. Eyni zamanda, bir neçə il bundan əvvəl kənd təsərrüfatının inkişafı ilə bağlı məsələləri təhlil edərkən gördük ki, məhsulların saxlanılması üçün bizdə kifayət qədər şərait yoxdur. Yəni, nəinki müasir şərait, ümumiyyətlə şərait yoxdur. Beləliklə, soyuducu anbarların tikintisinə qərar verildi və biz bu problemi qısa müddət ərzində həll etdik. Bu, həm sahibkarlığın inkişafına verilən böyük dəstəkdir, eyni zamanda, qiymətlərin tənzimlənməsi üçün vacib olan vasitədir. Yəni, deyə bilərəm ki, biz əsas problemləri 2 ilə aradan qaldırdıq. Amma kənd təsərrüfatı məhsulları istehsalının artımını nəzərə alaraq, əlbəttə ki, soyuducu anbarların tikintisi davam etdirilməlidir. Həmçinin taxıl anbarlarının tikintisi davam etdirilir və taxıl istehsalının, ərzaq buğdasının istehsalının artırılmasını nəzərə alaraq, yaxın illərdə biz bu istiqamətə əlavə vəsaitin ayrılmasına da əlbəttə ki, baxacağıq.
Yəni, biz öz iqtisadi imkanlarımızla, öz gücümüzə yaradılan iqtisadi imkanlardan çox səmərəli şəkildə istifadə edirik. İlk növbədə, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində vəsaitlər yönəldilir. Eyni zamanda, biz sosial məsələlərin həllinə də lazımi səviyyədə vəsait ayırırıq. İldən-ilə maaşlar, pensiyalar artır. Sovet vaxtından qalan əmanətlərə kompensasiya verilməsi prosesi başlamışdır və MDB məkanında ən qısa müddət ərzində, yəni 2 ilə bu əmanətlər ən yüksək əmsalla qaytarılacaqdır" İlham Əliyev yekun nitqində qeyd edib.

Prezidentin sözlərinə görə, ölkə iqtisadiyyatı artıq dünya miqyasında rəqabət qabiliyyətli iqtisadiyyatlar arasındadır.

"Yaxşı xatırlayıram ki, neft strategiyamızın ilkin illərində bəzi xarici təhlilçilər, müşahidəçilər belə fərziyyələr irəli sürürdülər ki, Azərbaycan neftdən asılı ölkəyə çevriləcəkdir, Azərbaycanda "holland sindromu" olacaqdır, yəni iqtisadiyyat birtərəfli inkişaf edəcəkdir. Mən çox şadam ki, artıq bu söhbətlərdən əsər-əlamət qalmayıbdır. Çünki bizim düşünülmüş iqtisadi siyasətimiz artıq bütün dünyaya Azərbaycanın imkanlarını təqdim etdi. Davos İqtisadi Forumunun hesablamalarına əsasən, - bu da dünya miqyasında ən mötəbər iqtisadi qurumlardan biridir, - Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdə, MDB məkanında birinci yerdədir. Bu, real iqtisadi islahatların nəticəsidir" dövlət başçısı bildirib.

İlham Əliyev qeyd edib ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi, sadəcə olaraq, bir xoş niyyət deyil, bu, artıq reallıqdır.

"Gələcək illərlə bağlı bizim çox konkret, dəqiq düşünülmüş konsepsiyamız, strategiyamız və konkret layihələrimiz vardır. Hazırda yaranmaqda olan yeni, böyük sənaye mərkəzləri, böyük sənaye müəssisələri, texnologiya parkları artıq bir neçə ildən sonra Azərbaycanın sənaye potensialını yüksək dərəcədə artıracaq və bundan sonrakı illərdə iqtisadiyyatımız qeyri-neft sektorunun hesabına inkişaf etməlidir.
Bu şəraiti biz yaratdıq, yenə də deyirəm, düşünülmüş iqtisadi siyasət nəticəsində. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun təqribən 7-8 faizini təşkil edir. İndi böhran içində olan ölkələrdə bu rəqəm 120-150 faizdir. Böhrana o qədər də çox məruz qalmayan inkişaf etmiş ölkələrdə bu rəqəm 70-80 faizdir. Bizdə cəmi 7-8 faizdir. Nəyə görə? Çünki biz lazım olmayan borcları götürmədik, populist vədləri icra etmək üçün, necə deyərlər, borclanmadıq. Biz hər şeyi düşünülmüş şəkildə edirik və elə edirik ki, gələcək nəsillər də bu borcların qaytarılması ilə məşğul olmasınlar. Ümumiyyətlə, mən hesab edirəm ki, yaxın gələcəkdə biz xarici dövlət borcunu daha da aşağı salmalıyıq, baxmayaraq ki, bu borcun böyük hissəsi beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına formalaşmışdır. Bu vəsaitlər uzunmüddətli və aşağı faizlə verilmiş vəsaitlərdir. Yəni, bunları belə tələm-tələsik qaytarmağa o qədər də böyük ehtiyac yoxdur. Ancaq bununla bərabər, hesab edirəm ki, növbəti illərdə dövlət xarici borcumuz daha da aşağı düşməlidir ki, biz bu problemi tamamilə aradan götürək.
Bizim bütün statistik göstəricilərimiz ən yüksək səviyyədədir. Böhranlı illərdə, bir neçə il bundan əvvəl baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdü, Azərbaycan əhalisi bunu hiss etməmişdir. Yəni, biz hansısa obyektiv səbəbləri gətirərək, nə manatın məzənnəsini aşağı saldıq, nə qiymətlərin şişirdilməsinə imkan verdik. Nəyə görə? Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. İqtisadi islahatların aparılması, ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətimizin təməlində də insan amili vardır. Ona görə, biz təhlillər apararkən həmişə sosial və iqtisadi inkişafın yekunlarını təhlil edirik. Çünki bu iki məfhum ayrılmazdır. Ancaq güclü sosial siyasət aparmaq üçün güclü iqtisadiyyat lazımdır. İqtisadiyyatımız güclüdür. Onun özəlliyi və üstünlüyü ondan ibarətdir ki, iqtisadiyyatımız heç kimdən asılı deyildir. Biz heç bir xarici qurum qarşısında, necə deyərlər, borclu deyilik. Öz siyasətimizi özümüz aparırıq, o cümlədən siyasi müstəvidə və iqtisadi sahədə.
Yenə də deyirəm, borcun səviyyəsi o qədər aşağıdır ki, ümumiyyətlə, biz bu barədə heç fikirləşməyə bilərik və öz iqtisadi imkanlarımızı böyük dərəcədə artırırıq. Bu gün bölgə sahibkarları ilə keçirilən bu müşavirədə mən bir daha vurğulamaq istəyirəm ki, əsas məqsədə çatmaq üçün bizə bir neçə il vaxt lazımdır ki, ərzaq təhlükəsizliyimizi tamamilə təmin edək və gələcəkdə ixrac potensialımızı gücləndirək. Biz bu məsələlərlə əlaqədar strategiyamızı artıq indidən müəyyən etməliyik. Mən əminəm ki, bir neçə ildən sonra əsas ərzaq məhsullarının istehsalı bizdə böyük ixrac potensialı da yaradacaqdır" Prezident qeyd edib.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan ixrac bazarlarına daha da böyük həcmdə çıxmalıdır.

"Yeni bazarları aramalıyıq, araşdırmalıyıq, çıxmalıyıq ki, ixracın olmaması, yaxud da ki, məhdud olması bizim kənd təsərrüfatının ümumi inkişafını əngəlləməsin. Çünki əgər, ixrac imkanlarımız olmasa və daxili bazar tamamilə təmin edilsə, o zaman kənd təsərrüfatının inkişafında müəyyən durğunluq yarana bilər. Yəni, biz qabaqcadan bütün tədbirləri görməliyik ki, kənd təsərrüfatının inkişafı daha da geniş vüsət alsın. Onu da qeyd etməliyəm ki, mən bir neçə il bundan əvvəl, bu il və bu günlərdə görülən, gələn illərdə görüləcək tədbirlər nəticəsində kənd təsərrüfatının daha da sürətli inkişafını gözləyirəm, bunu görürəm. Bu ilin 9 ayında kənd təsərrüfatı 6 faizdən çox artmışdır. Görülən tədbirlər nəticəsində və bu gün sahibkarların çıxışlarında yeni layihələr haqqında verilən məlumat kənd təsərrüfatının inkişafını daha da sürətləndirəcəkdir. Biz, bir daha demək istəyirəm ki, bu sahədə düşünülmüş siyasət aparırıq. Bu, həm iqtisadi inkişafdır, həm də sosial təminatdır, işsizliklə, yoxsulluqla mübarizədir, iqtisadiyyatın şaxələndirilməsidir, ölkə potensialının gücləndirilməsidir. Çünki hər ölkənin gücünü müəyyən edən onun iqtisadi dayaqlarıdır. İqtisadi dayaqlar olmadan, iqtisadiyyat asılı vəziyyətdə olan halda heç vaxt ölkə müstəqil siyasət apara bilməz. Bizim müstəqil siyasətimizin təməlində, əlbəttə ki, Azərbaycan xalqının iradəsi dayanır, eyni zamanda, öz gücümüzə güvənməyimiz dayanır. Biz öz gücümüzə, Azərbaycan xalqının istedadına, zəhmətinə arxalanırıq. İqtisadiyyatımız nə qədər güclü olsa, bizim siyasi addımlarımız da o qədər cəsarətli və uğurlu olacaqdır" Prezident bildirib.

İlham Əliyev əminliklə deyib ki, bölgə sahibkarları bütün vəzifələri yaxşı başa düşür və dövlət tərəfindən verilən tapşırıqları yerinə yetirəcəklər.

"Bu tapşırıqları yerinə yetirməklə, ilk növbədə, öz maddi imkanlarını genişləndirəcəklər, eyni zamanda, bölgədə yaşayan insanlar üçün yeni iş yerlərinin, yeni gözəl şəraitin yaradılması istiqamətində də səylərini göstərəcəklər. O ki qaldı dövlət siyasətinə, bir daha demək istəyirəm ki, dövlət siyasəti bu istiqamətdə tamamilə aydındır, birmənalıdır. Sahibkarlığa alternativ yoxdur. Bazar iqtisadiyyatı Azərbaycanda tam şəkildə bərqərar olunubdur. Ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşıb. Yəni, bu göstəricilər dövlət siyasətinin nə qədər düzgün olduğunu göstərir. Əminəm ki, dövlət siyasəti bir tərəfdən, sahibkarların vətənpərvərliyi, məsuliyyəti və işgüzarlığı digər tərəfdən ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Bütün bölgə sahibkarlarına yeni uğurlar və yeni gözəl layihələr arzulayıram. Sağ olun" dövlət başçısı yekun nitqinin sonunda deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti