...

Avropa Komissiyasının vitse-prezidentinin bəyanatı ilə əlaqədar qarşı tərəfə Azərbaycan hökumətinin ciddi narazılığı bildirilib

Siyasət Materials 14 Noyabr 2012 18:59 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Piltsi (nümayəndə başçısı ölkədən kənarda idi) qəbul edib.
Avropa Komissiyasının vitse-prezidentinin bəyanatı ilə əlaqədar qarşı tərəfə Azərbaycan hökumətinin ciddi narazılığı bildirilib

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Piltsi (nümayəndə başçısı ölkədən kənarda idi) qəbul edib.

XİN-in mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, görüşdə ötən həftə Bakıda keçirilmiş İnternet İdarəçilik Forumunda iştirak edən Avropa Komissiyasının vitse-prezidenti Neli Kroesin verdiyi bəyanata toxunulub.

Nazir müavini tərəfindən qeyd edilib ki, forumda çıxışında, habelə öz şəxsi internet bloqunda Kroesin Azərbaycanda insan hüquqlarının müdafiəsi, söz və media azadlığı ilə bağlı verdiyi ifadələr reallığı əks etdirmir. Bununla əlaqədar, qarşı tərəfə Azərbaycan hökumətinin ciddi narazılığı bildirilib və bu cür əsassız çıxışların Azərbaycan ilə Aİ arasında mövcud olan əməkdaşlıq ruhuna xidmət etmədiyi və əksinə, ikitərəfli münasibətlərə xələl gətirə biləcəyi qeyd edilib.

Məmməd-Quliyev qeyd edib ki, Azərbaycan demokratikləşdirmə və insan hüquqlarının qorunması istiqamətində islahatlar aparır və bu sahədə nailiyyətlər əldə edib. İnsan hüquqları, xüsusilə, söz və media azadlığı, Azərbaycan hökumətinin daimi diqqət mərkəzindədir. Azərbaycanda əhalinin 60 faizindən çoxu söz azadlığının təmin edilməsi sahəsində mühüm alət olan internetdən sərbəst istifadə edir. Azərbaycan hökuməti telekommunikasiyalar texnologiyalarının inkişafına xüsusi diqqət yetirir. Bununla əlaqədar, ölkəmiz Trans-Avrasiya Super İnformasiya Magistralı kimi böyük regional bir layihənin təşəbbüskarıdır.

Kroesi müşayiət edən köməkçilərin kompüterlərinə guya müdaxilə edilməsi ilə əlaqədar iddiaların da əsassız olduğu Piltsin diqqətinə çatdırılıb. Belə hallarda, adətən dərhal müvafiq yerli qurumlara müraciət edildiyi və Kroesin bunu etməməsi isə təəccüb doğurduğu qarşı tərəfə bildirilib.

Kroesin məhbuslarla görüş keçirmək üçün istədiyi təcridxanaya buraxılmaması ilə əlaqədar nazir müavini bildirib ki, beynəlxalq təşkilatlar və xarici ölkələrin nümayəndələri ölkəmizin mövcud qanunvericiliyinə müvafiq olaraq Azərbaycanın aidiyyəti üzrə dövlət qurumlarının razılığı ilə həbsdəki insanlarla görüşə bilərlər. Elə həmin həftə ərzində Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieks və ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dünya Miyatoviçin bir neçə məhbusla görüşlərini misal kimi gətirmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti