Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.Mehdiyev/
Macarıstanda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Abid Şərifov Macarıstan Baş nazirinin ofisinin beynəlxalq əlaqələr və iqtisadiyyat üzrə dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının həmsədri Piter Siyyarto ilə görüşüb.
Trend-in Azərbaycanın Macarıstandakı səfirliyinə istinadən verdiyi məlumata görə, görüş zamanı komissiyanın bu yaxınlarda Budapeştdə keçirilən III iclasında qəbul olunan qərarlar və iqtisadi təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Siyyarto son iki ildə Azərbaycanla bütün sahələrdə əməkdaşlığın intensiv xarakter aldığını vurğulayıb və bunu Viktor Orban hökumətinin prioritet addımlarından biri kimi dəyərləndirib. O, yaxın günlərdə Bakıya səfər edəcəyini xatırladaraq hazırda hər iki tərəf üçün ciddi maraq doğuran bir sıra iqtisadi layihələr üzərində iş getdiyini xatırladıb.
Baş nazirin müavini Abid Şərifov öz növbəsində tikinti-quraşdırma, kənd təsərrüfatı, dərman sənayesi, yeyinti məhsulları və digər sahələrdə ixtisaslaşan Macarıstan şirkətləri ilə əməkdaşlığa Azərbaycanda böyük maraq və ehtiyac olduğunu diqqətə çatdırıb. Görüş zamanı hazırda müzakirə və iqtisadi dəyərləndirmə mərhələsində olan birgə layihələrin həyata keçirilməsini sürətləndirmək istiqamətində zəruri tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.