Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) Ermənistanın hər hansı partiyası ilə əməkdaşlıq edəcəyi barədə yayılan məlumatları təxribat adlandırıb.
Partiyanın icra katibinin müavini Mübariz Qurbanlı Trend-ə bildirib ki, YAP nümayəndələri Sankt Peterburqda keçirilən tədbirdə iştirak edib, lakin heç bir sənədə imza atmayıblar.
"Tədbirdə hansısa partiyaların əməkdaşlığına dair sənəd imzalanmayıb. Ermənistan mətbuatı dezinformasiya yayıb və bunu Ermənistan tərəfinin təxribatı kimi qiymətləndiririk", - Qurbanlı əlavə edib.
Qeyd edək ki, Ermənistanın bəzi KİV-ləri dekabrın 3-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "XXI əsrdə Avrasiya inteqrasiyası" forumu çərçivəsində Rusiyanın "Yedinaya Rossiya", Ermənistanın Respublika Partiyası, Qazaxıstanın "Nur Otan" Xalq-Demokratik Partiyası və Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının nümayəndələrinin əməkdaşlıq haqqında protokol imzaladıqları barədə məlumat yayıblar.