...

Azərbaycanın hakim partiyası: Radikal müxalifət hər bir hadisəni məxsusi şəkildə öz xeyrinə yozmaq istəyir

Siyasət Materials 24 Yanvar 2013 15:40 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, radikal müxalifət və onun mətbuatı hər bir hadisədən hakimiyyətə qarşı istifadə etmək və bu hadisələri də məxsusi şəkildə öz xeyrinə yozmaq istəyir.
Azərbaycanın hakim partiyası: Radikal müxalifət hər bir hadisəni məxsusi şəkildə öz xeyrinə yozmaq istəyir

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, radikal müxalifət və onun mətbuatı hər bir hadisədən hakimiyyətə qarşı istifadə etmək və bu hadisələri də məxsusi şəkildə öz xeyrinə yozmaq istəyir.

"İsmayıllıda baş verən hadisədən sui-istifadə edərək bunu bütovlükdə hakimiyyətə qarşı yönəltməyə cəhd etmək, əlbəttə, tamamilə müxalifətçiliyin radikallığının təzahürlərindən biridir", - bu barədə Trend-ə millət vəkili, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

O qeyd edib ki, əlbəttə, İsmayıllıda baş verən hadisədən, ümumiyyətlə, istənilən hadisədən, istəyir, lap təbii hadisə olsun, çay daşsın və s., müxalifət hökumət əleyhinə istifadə etmək istəyir.

"Amma İsmayıllıda proses nəzarətdədir və orada baş verən hadisə də araşdırılır. Hesab edirəm ki, orada olan hüquq-mühafizə orqanlarının nümayəndələri məsələni tam obyektiv şəkildə ictimaiyyətə çatdıracaqlar və ilkin açıqlamalar da verilib", - Qurbanlı bildirib.

O hesab edir ki, müxalifət mətbuatı bu hadisəni ümumiləşdirərək özünə reytinq qazanmaq üçün istifadə etmək istəyir.

"Hesab edirəm ki, müvafiq qurumların gün ərzində açıqlamaları hər şeyin obyektiv şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək. Amma hadisənin dərin qatlarına gedəndə bəlli olur ki, narazı olanlar heç də müxalifətin düşündüyü kimi hakimiyyətə, bütövlükdə Prezidentin apardığı siyasətə qarşı yox, hansısa yerlərdə baş vermiş qanun pozuntusuna və ya baş vermiş hadisəyə qarşıdır", - Qurbanlı vurğulayıb.

Qeyd edək ki, yanvarın 23-dən 24-nə keçən gecə İsmayıllı rayonunda bir qrup insan "Çıraq" hotelinin qarşısında aksiya keçirib. Aksiya zamanı hotel və bir neçə maşın yandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti