...

Azərbaycan Parlamentində deputatlar bəzi dövlət məmurlarını qınadılar

Siyasət Materials 15 Fevral 2013 12:49 (UTC +04:00)
Milli Məclisin cümə günü keçirilən iclasında millət vəkilləri Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısının məmurlarla bağlı ciddi tənqid və iradlarına münasibət bildiririblər.
Azərbaycan Parlamentində deputatlar bəzi dövlət məmurlarını qınadılar

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir M.Əliyev/

Milli Məclisin cümə günü keçirilən iclasında millət vəkilləri Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısının məmurlarla bağlı ciddi tənqid və iradlarına münasibət bildiririblər.

Trend-in məlumatına görə, deputat Zahid Oruc bildirib ki, bu günün reallığı məmurların fəaliyyətinin şəffaflığına fikir verilməsini tələb edir.

"Roma Papası XVI Benedikt 85 yaşında vəzifəsindən istefa verdi və üzünü Allaha tutaraq deyib ki, hətta ola bilsin ki, mən dini ayinləri düz icra etməmişəm və Tanrıdan bağışlanmasını istəyib. Bizim məmurlar isə elə bilir ki, kreslo onlara ömürlük verilib. Dövlətin kasıblar üçün təsis etdiyi ünvanlı sosial yardımı öz şəxsi maraqları naminə istifadə edən məmurlar özlərində cəsarət tapıb istefa verməlidirlər", - Oruc bildirib.

Deputat Fəzail İbrahimli isə qeyd edib ki, bəzi məmurların qudurğanlığı Azərbaycanın əldə etdiyi uğurlara kölgə salır.

"Əgər məmur millət vəkilinin zənglərinə cavab vermirsə, onun fikirlərinə laqeydlik göstərirsə, sadə adamın fikrinə hansı münasibəti göstərəcək? Bu məqamlarda bütün addımların atılmasında Prezident İlham Əliyevə dəstək veririk", - İbrahimli deyib.

Parlamentin iclasında İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Nizamnaməsinin təsdiq edilməsi, "Dövlət rüsumu haqqında", "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Dini etiqad azadlığı haqqında" qanunlara, Ticarət Gəmiçiliyi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi, həmçinin "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti